Siyəzəndə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi yarışları olub

Siyəzəndə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi yarışları olub

Siyəzən şəhər stadionunda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

X-XI sinif şagirdlərinin əhatə olunduğu yarışlarda Siyəzən rayon tam orta məktəblərinin 13 komandası mübarizə aparıb.
"Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, gənc nəslin hərbi və fiziki hazırlığının artırılması, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasından ibarət olub.
Yarışlarda I yerə Siyəzən şəhər 3 saylı tam orta məktəbinin komandası layiq görülüb. Gilgilçay qəsəbə tam orta məktəbinin komandası ikinci, 1 və 6 saylı tam orta məktəblərin komandaları III yeri tutublar.
Qalib komandalar fəxri fərmanlarla təltif olunub. Yarışda I yeri tutan komanda cari ilin aprel ayında Quba şəhərində keçiriləcək "Şahin” hərbi-idman oyununun zona birinciliyi yarışlarında rayonu təmsil etmək imkanı qazanıb.