Buvaysar Saytiyevlə görüş keçirilib

Buvaysar Saytiyevlə görüş keçirilib


Sərbəst güləş üzrə 3 qat Olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev Bakıda səfərdə olub. Gənclər və İdman Nazirliyində Rusiya idmanının canlı əfsanəsi ilə görüş keçirilib.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə bütün sahələrə olduğu kimi, idmana dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri, ölkəmizin bir sıra yüksək nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb. Buvaysar Saytiyevə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı geniş məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev ölkəmizdə güləşin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. N.Əliyev gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkilatçılıq baxımından yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Birinci vitse-prezident Buvaysar Saytiyevin paytaxtımıza dəvət etməklə ölkəmizdə güləşi daha da populyarlaşdırmaq və müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq istədiklərini deyib: "Buvaysar Saytiyev titullu, dünyada çox tanınmış bir idmançıdır. Güləş aləmində onun böyük təcrübəsi var. Dəvətimizi qəbul edib gəldiyinə görə ona minnətdarlığımızı bildiririk. Onun gəlişi ölkəmizdə güləşin populyarlaşması üçün atılan addımlardan biridir”.
Daha sonra Buvaysar Saytiyev dəvətə görə minnətdarlığını bildirib: "Mənim 4 övladım, qardaşım və bacım uşaqları var. Onların da sağlam nəsil kimi yetişdirilməsi üçün idmanın əhəmiyyəti böyükdür. Ölkənizdə idmanın, güləşin inkişafı üçün bu cür şəraitin yaradılması məni sevindirir. Belədə yeniyetmə və gənclər sağlam böyüyür, pis vərdişlərdən uzaq olurlar və gələcəkdə layiqli insana çevrilirlər. Xüsusilə də dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə bəxtiniz gətirib. Ölkənizin bir sıra nüfuzlu yarışlara, o cümlədən gələn il I Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın güclü dövlət olmasından xəbər verir. Etiraf edim ki, güləşçilərinizin son vaxtlar qazandıqları uğurları mən də böyük maraqla izləyirəm. Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında medalların sayının get-gedə artması bu sahədə inkişafın bariz nümunəsidir. Əlbəttə, bütün bunlar Azərbaycan Güləş Federasiyasının düzgün yolda olduğunu göstərir”.
Tədbirdən sonra Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Buvaysar Saytiyevi Avropa Oyunları üçün nəzərdə tutulan obyektlərdən bəziləri ilə tanış ediblər.

olimpnews.az