Çempionlar yetişdirən güləş məktəbi

Çempionlar yetişdirən güləş məktəbi


Uşaq və yeniyetmələrin fiziki tərbiyəsində, onların ayrı-ayrı idman növlərinin sirlərinə dərindən yiyələnməsində ölkəmizdə fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin rolu böyükdür. Ayrı-ayrı idman növləri üzrə böyük nailiyyətlər əldə edən idmançılarımızın əksəriyyəti məhz belə idman məktəblərində yetişiblər. Paytaxtın Abşeron rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbi də qabaqcıl idman ocaqlarından biridir.
Ötən illər ərzində bu idman məktəbində çoxsaylı istedadlı idmançılar yetişib. 40 ildən artıq fəaliyyət göstərən idman ocağının təmsilçiləri bu müddət ərzində müxtəlif mötəbər yarışlarda qazandıqları yüksək nəticələri ilə seçiliblər. Ötən illərdə idman ocağı Təhsil Nazirliyinin seçiminə əsasən, bir neçə dəfə ən yaxşı idman məktəbi adına layiq görülüb. Məktəbin yetirmələrindən bir neçəsi isə yüksək nailiyyətlərinə görə, imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olub.
İdman ocağında sərbəst güləş və qadın güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 44 qrupda 416 uşaq idmanın sirlərinə yiyələnir.

Uşaqların fiziki tərbiyəsi ilə 25 məşqçi-müəllim məşğul olur.
Uşaq-Gənclər İdman Məktəbinin iki güləş zalı, trenajor zalı və saunası var. Bir sözlə, məktəbdə idmanla məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Burada məşğul olan uşaq və yeniyetmələrin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və onların milli ruhda tərbiyə olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Məktəbdə dövlət nişanı, və dövlət atributlarını əks etdirən stendlər asılıb.
Abşeron Uşaq-Gənclər İdman Məktəbinin direktoru Mais Məsimov bildirdi ki, rayonda idmanın inkişafına xüsusi qayğı ilə yanaşılır. Bu da təmsilçilərimizin müxtəlif yarışlarda uğurlu çıxışına zəmin yaradır: "Abşeron rayonunda uşaq və gənclərin idmanla məşğul olması üçün idman klubları, məktəblər fəaliyyət göstərir. İdmana həvəsi olan hər bir kəs burada maraq göstərdiyi idman növü ilə məşğul ola bilər. Yetirmələrimiz də onlara bəslənilən ümidləri doğruldurlar. Beynəlxalq arenalarda ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. İdman ocağının yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq arenalarda keçirilən yarışlarda ciddi rəqibə çevriliblər.
Ötən illərdə yüksək nəticələr göstərən idmançılarımız 2014-cü ilin 9 ayı ərzində də onlara bəslənilən etimadı doğruldublar. Təmsilçilərimiz uğurlu çıxışları ilə idman ocağına öz hədiyyələrini verirlər. Bizim üçün bu il ən yadda qalan yarış Avropa və dünya çempionatı oldu. Belə ki, məktəbimizin yetirməsi Hacı Əliyev hər iki yarışda gözəl güləş nümayiş etdirərək adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırdı. Hacı dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı. Xatırladım ki, bu idmançı yeniyetmə və gənclər arasında keçirilən yarışlarda da yüksək nailiyyətlərə sahib çıxıb.
Qazanılan uğurlar bizi yeni-yeni qələbələr qazanmağa sövq edir. Güləşçilərimizin qazandıqları yüksək nəticələr bizi çox sevindirir. Çünki biz bu nəticələrimizlə Azərbaycan güləşinə öz töhfəmizi veririk. Fürsətdən istifadə edib bizə göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk”.
Məktəbin yetirmələrinin bir neçəsi hazırda böyüklərdən ibarət mili komandanın heyətindədirlər.
Abşeron UGİM ənənəvi olaraq, əlamətdar günlərlə bağlı torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş yarışların təşkilində yaxından iştirak edir. Məktəbin təşkilatçılığı ilə mütəmadi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış və çempionatlar keçirilir.


İdman ocağının güləşçiləri ölkədaxili yarışlarda ciddi rəqiblərdir

Ötən illər ərzində idman ocağının yetirmələri müxtəlif səviyyəli respublika və beynəlxalq yarşlarda iştirak edərək, yüksək nailiyyətlər qazanıblar. Ötən illər olduğu kimi, Abşeron UGİM-in yetirmələri 9 ay ərzində iştirak etdikləri yarışlarda onlara göstərilən etimadı doğruldublar. Yeniyetmələr arasında keçirilən respublika birinciliyində güləş məktəbinin təmsilçiləri 3 gümüş medala sahib çıxıblar. Aprel ayında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçiilən beynəlxalq yarışda yeniyetmə güləşçilər 1 qızıl, 1 gümüş və 2 bürünc əldə ediblər. Gənc idmançılar isə 2 gümüş, 1 qızıl medal qazanıblar. Naxçıvan kubokunda məktəbin yetirmələri - Ruslan Qasımov qızıl, Mircəlal Həsənzadə və Cahid Həsənzadə gümüş medala sahib çıxıblar. İdman ocağının xanım idmançıları da uğurları ilə fərqlənirlər. 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən respublika birinciliyində 7 (1 qızıl, 3 gümüş, 3 bürünc) medal əldə olunub.
Beynəlxalq yarışlarda yüksək uğurlar
Abşeron UGİM-in güləşçiləri ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu çıxışqları ilə yadda qalıblar. Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Türkan Nəsirova fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Türkan gənclər arasında təşkil olunan qitə birinciliyində qızıl medal qazanıb. Perspektivli güləşçi dünya birinciliyində üçüncü olub. Almaniyada təşkil olunan beynəlxalq turnirdə Hacı Əliyev bütün rəqiblərindən üstün olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq "Qran-pri” turnirində Hacı Əliyev qızıl, Yaşar Əliyev isə bürünc medal əldə edib. Xorvatiyada təşkil olunan dünya birinciliyində gənc güləşçi Mircəlal Həsənzadə ikinci yeri tutub. Rusiyada keçirilən beynəlxalq turnirdə də Mircəlal Həsənzadə ikinci yerlə kifayətlənib. Paytaxtımızda təşkil olunan beynəlxalq turnirdə Seymur Cəbrayılov bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Qarşıda Abşeron güləşçilərini daha mötəbər yarışlar gözləyir. İnanırıq ki, idman ocağının təmsilçiləri bu yarışlarda da uğurlu çıxışları ilə onlara bəslənilən etimadı doğruldacaqlar.

Aysel Sultanova