«Neftçi İdman Klubu» IB xəbər verir

«Neftçi İdman Klubu» IB xəbər verir
Qılıncoynatma
Türkiyənin Bursa şəhərində qılıncoynatmanın sablya növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi öz bacarığını nümayiş etdirib. "Neftçi İdman Klubu” İçtimai Birliyinin ("Neftçi İdman Klubu” İB) yetirmələri yığma komandanın heyətində ölkəmizin idman şərəfini layiqincə qoruyublar. Sevindirici haldır ki, millimiz turnirdə 2 medal qazanıb. Medalların hər ikisi klubumuzun təmsilçilərinə məxsusdur. Qadınlar arasında təşkil olunan yarışda Sabina Mikina finaladək irəliləyib. Həlledici qarşılaşmada idmançımız ukraynalı Alyona Varoniyaya məğlub olub və gümüş medala layiq görülüb. Klubun digər qılıncoynadanı Azər Tağıyev isə kişilərin mübarizəsində bürünc medala yiyələnib.

Boks
Oktyabrın 7-də Sərhədçi İdman Olimpiya Mərkəzində start götürən boks üzrə Azərbaycan kubokuna yekun vurulub. 81 idmançının qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçib. Klubun kubok yarışında qüvvəsini sınayan boksçularından Pərviz Bağırov (69 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan İbrahim İbrahimov (52 kq) 2-ci, Cavid Dadaşov və Orxan Süleymanov (hər ikisi 49 kq) isə 3-cü yeri tutublar. Gərgin və maraq doğuran kubok yarışında "Neftçi İdman Klubu” İB komanda hesabında 4-cü yerlə kifayətlənməli olub.



Futbol
"Qaradağ Lökbatan” komandası birinci divizionda keçirilən 6-cı turda son dövrlər yüksəlişdə olan "Bakılı”nı qəbul edib. "Dalğa Arena”da baş tutan qarşılaşma kifayət qədər sərt keçməsi ilə diqqət çəkib. Daha üstün oyun nümayiş etdirən "Qaradağ Lökbatan” komandasında İlham Allahverdiyev 39 və 68-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atıb. 73-cü dəqiqədə Asif Zeynalovun vurduğu qol isə "Bakılı” üçün təsəllidən başqa bir şey olmayıb. Qeyd edək ki, bu, komandamızın yeni mövsümdə qapısında gördüyü ilk qol olub.
Beləliklə, 2:1 hesabı ilə qalib gələn "Qaradağ Lökbatan” komandası növbəti qələbəsini qazanaraq xallarının sayını 16-ya çatdırıb və liderlər qrupundakı mövqeyini qoruyub saxlayıb.
Xatırladaq ki, komandamız növbəti oyununu bu gün İmişlidə yerli "Mil-Muğan” komandasına qarşı keçirəcək.

Güləş
Hövsan Olimpiya Kompleksində yeniyetmələr və gənclər arasında yunan-Roma güləşi üzrə Bakı birinciliyi başa çatıb. Yeniyetmələrin yarışında pəhləvanlarımız 2-si qızıl, 5-i gümüş və 6-sı bürünc olmaqla 13 medala sahib olublar. Onlardan Kamran Mirzəyev (52 kq) və Ülvi Qənizadə (69 kq) paytaxt birinciliyinin qalibi adını qazanıblar. Gənclər arasında təşkil olunan yarışda isə klubun yetirmələri 12 medala (2 qızıl, 2 gümüş, 8 bürünc) yiyələniblər. Rasim Əliyev (50 kq) və Arif Niftullayev (74 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq liderliyə yüksəliblər. Daha 4 güləşçimiz isə 5-ci pillədə qərarlaşaraq istəklərinə çatıblar.
"Neftçi İdman Klubu” İB-nin təmsilçiləri hər iki yarışda böyük əzmkarlıq nümayiş etdirərək komanda hesabında 1-ci yeri tutublar.
Xatırladaq ki, yeniyetmələrin yarışında I-V yerləri tutmuş güləşçilər oktyabrın 27-də keçiriləcək Rəşid Məmmədyarov turnirində öz güclərini sınayacaqlar. Gənclər arasında eyni yerləri tutan idmançılar isə oktyabrın 30-da yarışacaqlar.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin mətbuat xidməti