Ali təhsil ocaqlarının idman müəllimləri “Təfəkkür” universitetində görüşdülər

Ali təhsil ocaqlarının idman müəllimləri “Təfəkkür” universitetində görüşdülər

Oktyabrın 16-da "Təfəkkür” universitetinin akt zalında ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının idman müəllimlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyininin Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov, "Gənclik” İdman Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyev və digər qonaqlar iştirak edirdilər. Ali təhsil müəssisələrində "Bədən Tərbiyəsi və İdman” kafedralarının bazasında idman klublarının yaradılmasının müzakirəsi tədbirin əsas mövzusu idi. "Təfəkkür” universitetinin "Təfəkkür” idman klubunun müdiri Cavanşir Qurbanov çıxış edərək "Bədən Tərbiyəsi və İdman” kafedralarının bazasında idman klublarının yaradılması ilə bağlı öz fikirlərini bildirdi. Qeyd olundu ki, ali təhsil ocaqlarında idman klublarının yarıdılması uğurlu bir addımdır. Bu daha çox tələbələrin, xüsusilə idmançı tələbələrin xeyrinə olacaq. Universitetlərin idman klublarının olması ilə idman yarışlarının sayı daha da artacaq. Bu isə bütövlükdə idmanın inkişafına müsbət təsir göstərəcək.
Təhsil Nazirliyinin Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov da çıxışında bu işin daha böyük səmərə verəcəyini diqqətə çatdırdı. Bildirildi ki, Təhsil Nazirliyi də məsələyə müsbət yanaşır, ölkəmizdə fəaliyyət göstərən məşqçi-müəllimlərin çoxillik təcrübəsindən yararlanmağı əhəmiyyətli və zəruri sayır.
Daha sonra ali təhsil ocaqlarının idman mütəxəssisləri və idman müəllimləri kafedraların nəzdində klubların yaradılması ilə bağlı müzakirələrdə iştirak etdilər, təklif və rəylərini bildirdilər.