Bədən tərbiyəsi və idman üzrə təlimatçı-metodistlər üçün seminar təşkil olundu

Bədən tərbiyəsi və idman üzrə təlimatçı-metodistlər üçün seminar təşkil olundu


Oktyabrın 16-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində seminar təşkil olundu. Seminarda 26 rayonun bədən tərbiyəsi və idman üzrə təlimatçı-metodistləri iştirak edirdi.
Qeyd edək ki, FASA proqramı MOK, "Coca-Cola” və Təhsil Nazirliyi arasında 5 illik əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməkdir. Proqram çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar və idman yarışları təşkil olunub.
Tədbiri giriş sözü ilə açan MOK-un beynəlxalq proqramlar və oyunlar üzrə məsləhətçisi Mehman Kərimov seminar iştirakçılarına komitənin həyata keçirdiyi Olimpiya proqramları, o cümlədən Olimpiya Hərəkatı və onun inkişaf tarixi barədə ətraflı məlumat verdi. O, həmçinin, təqdim olunan proqramın sağlam və fəal həyat tərzininin təbliğində və geniş əhali kütləsinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həssaslığının artırılmasındakı vacib rolunu qeyd etdi.
Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov bu kimi sosial idman layihələrinin təhsil müəssisələrində fiziki tərbiyə dərslərinin keyfiyyətinə, həmçinin ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi əhəmiyyətli təsirini vurğuladı.
Sonra seminar iştirakçılarına FASA proqramının məqsəd və vəzifələri, həmçinin 2014-2015 tədris ili üçün proqram çərçivəsində nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verildi. Təlimatçı-metodistlərə təmsil etdikləri rayonlarda təşkil olunacaq Ailəvi İdman Festivallarının təşkilinə dair video təlimatı nümayiş etdirildi. Nəzəri hissədən sonra seminar iştirkaçıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil edilmiş praktiki məşğələdə iştirak etdilər. Seminar rayon səviyyəli Ailəvi İdman Festivallarının təşkilinə dair sual-cavab sessiyası ilə başa çatdı.