“Samur” hokkeyçiləri çempionluğa doğru daha bir addım atdılar

“Samur” hokkeyçiləri çempionluğa doğru daha bir addım atdılar

Qadınlardan və 15 yaşınadək oğlanlardan ibarət otüstü hokkey komandaları ölkə çempionatının II dövrəsinin növbəti turunun oyunlarını keçiriblər. İlk olaraq meydana qadın hokkeyçilər çıxıb. "Sumqayıt” və "Bakı”nın qarşılaşmasında paytaxt hokkeyçiləri çətinlik çəkmədən qələbə qazanıblar-7:0 . Rəqib komandanın qapısına qolları Xalidə Zeynalova (2), Rəna Mehdiyeva (2), Zarina Kazımova, Emiliya Xudiyeva və Aygün Muxtarova vurublar.

"Samur”(Qusar) və "Atasport-2” komandaları arasındakı oyun isə prinsipiallığına görə böyük əhəmiyyət kəsb edib. Liderlərin oyununda ilk hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra Qusar hokkeyçilərinin qələbə əzmi xeyli müddət öz bəhrəsini verməsə də, 51-ci dəqiqədə Günay İsmayılova hesabı açıb. Görüşün başa çatmasına 2 dəqiqə qalmış Marina Süleymanova 2-ci topu "Atasport-2” komandasının qapısına vurub.
Məlumat üçün bildirək ki, 9 oyundan 21 xal toplayan "Samur” klubu çempionatın yarış cədvəlinə başçılıq edir. "Bakı” hokkeyçiləri növbəti qələbədən sonra xal ehtiyatını 16-ya çatdıraraq II pilləyə qalxıblar. Eyni xala malik olan "Atasport-2” topların fərqinə görə III yerə enib. "Sumqayıt” komandası isə keçirdiyi bütün görüşlərdə məğlub olub.
15 yaşınadək oğlanların medallar uğrunda mübarizəsində "Atasport-Binə”- "Akkord” (Sumqayıt) matçı Binə hokkeyçilərinin 2:0 hesabı ilə qələbəsi ilə nəticələnib. "Şahdağ”(Qusar) "Şəmkir” komandalarının oyununda Qusar hokkeyçiləri rəqiblərini 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar.
15 yaşınadək oğlan hokkeyçilər arasında növbəti turun oyunları oktyabrın 11-də baş tutacaq.
Oktyabrın 11-də 15 yaşınadək oğlanlardan ibarət komandaların iştirakı ilə ölkə çempionatının növbəti turunun oyunları keçirilib. Bu turdan sonra medallar uğrunda final mərhələsinin oyunlarında qeydə alınan nəticələr:
"Şahdağ” (Qusar) - "Akkord”(Sumqayıt)- 2:1
"Atasport-Binə” - "Şəmkir” - 2:1
15 yaşınadək oğlanların yarışında 4 oyundan 10 xal toplayan Qusar hokkeyçiləri vahid liderdirlər. "Atasport-Binə” 6 xalla II yeri tutur. Aktivində 4 xalı olan "Akkord” III, rəqibindən 1 xal geri qalan "Şəmkir” komandası isə IV yerdə qərarlaşıb.
Oktyabrın 12-də "Atasport-2” "Sumqayıt” komandasına çətinlik çəkmədən qalib gəlib -7:1. "Samur”(Qusar) və "Bakı” komandaları arasındakı oyun isə prinsipiallığına görə böyük əhəmiyyət kəsb edirdi. Gərgin mübarizə şəraititndə keçən oyunda "Bakı” komandası 1:0 hesabı ilə qələbə qazanıb.
10 oyundan 21 xal toplayan "Samur” klubu çempionatın yarış cədvəlinə başçılıq edir. "Atasport-2” və "Bakı” hokkeyçiləri xal ehtiyatlarını 19-a çatdıraraq II-III yerləri bölüşür. Topların daha yaxşı sayına görə "Atasport-2” II sıradadır. "Sumqayıt” komandası isə keçirdiyi bütün görüşlərdə məğlub olub.
Qadınların yarışında növbəti turun oyunları oktyabrın 19-da keçiriləcək.