Könüllülər MOK-da mükafatlandırıldılar

Könüllülər MOK-da mükafatlandırıldılar


Oktyabrın 17-də Milli Olimpiya Komitəsinin inzibati binasında 2014-cü il Avropa Atletika Konvensiyasında iştrak etmiş könüllülərə sertifikatların təltifetmə mərasimi keçirildi. Xatırladaq ki, oktyabrın 10-12-də Bakıda təşkil edilmiş Avropa Atletika Konvensiyası üçün müxtəlif sahələrdə təşkilat komitəsinə 50 nəfər könüllü kömək etmişdi. Tədbirdə könüllülər Milli Olimpiya Komitəsi, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən sertifikat və hədiyyələr ilə təltif olundular. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov tədbir iştirakçılarını Milli Olimpiya Komitəsi, Bakı 2015 Təşkilat Komitəsi və Azərbaycan Atletika Federasiyası adından salamlayaraq fərqlənən könüllülərə öz minnətdarlığını bildirdi. O, Avropa Atletika Assosiasiyasının tərəfindən könüllülərə ünvanlanmış məktubun məzmununu da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Mehman müəllim könüllü kimi fəaliyyət göstərən gənclərin bu fəaliyyətlərinin gələcəkdə onlara böyük üstünlük qazanacağını da diqqətə çatdırdı. Sonda könüllülərə sertifikat və hədiyyələr təqdim olundu.