“Sağlamlıq-2014” respublika spartakiadasının açılış mərasimi keçirildi

“Sağlamlıq-2014” respublika spartakiadasının açılış mərasimi keçirildi


Oktyabrın 25-də "ABU Arena”da Azərbaycanda rabitənin yaradılmasının 133 illiyinə həsr olunmuş rabitə işçilərinin "Sağlamlıq-2014” respublika spartakiadasının açılış mərasimi keçirildi.
Spartakiada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavinin İsmayıl İsmayılov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ölkəmizdə rabitə sahəsində əldə olunan nailiyyətlərdən, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan danışdı. O, rabitəçilərin vaxtının səmərəli təşkil olunması üçün spartakiadanın əhəmiyyətini xüsusi vurğuladı. İltimas müəllim spartakiada çərçivəsində rabitəçilərin bir-biri ilə yaxından tanış olacağını, bu sahənin inkişafına öz töhfələrini verəcəyini qeyd etdi. 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında rabitə xidmətlərinin təşkilinin çox vacib olduğunu vurğulayan İltimas Məmmədov optik xətlərin çəkilişinin, yarışların peyk vasitəsilə dünyanın istənilən ölkəsinə nümayiş olunmasının oyunların keçirilməsində mühüm əhəmiyyət kəsb edəcəyini dedi.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdiyini bildirdi. O, beynəlxalq yarışların təkcə paytaxtda deyil, bölgələrdə də uğurla təşkil olunduğunu diqqətə çatdırdı. Nazir müavini həmçinin Şəmkir, İsmayıllı, Quba, Mingəçevir və digər şəhərlərin dünya səviyyəli idman yarışlarına uğurla ev sahibliyi etməsini idmanda kütləviliyin artmasında böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Hazırda regionlarda gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün Olimpiya idman komplekslərinin fəaliyyət göstərdiyini qeyd edən İsmayıl müəllim bu arenaların yeniyetmə və gənclərin idmana cəlb olunmasında böyük rol oynadığını bildirdi.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra spartakiada açıq elan olundu.
Noyabrın 26-dək davam edəcək spartakiadada 18 komanda 9 idman növü - atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini futbol, nərd, şahmat, dama və güllə atıcılığı üzrə mübarizə aparacaq.