Güləşdə gənclərin hazırlığı xüsusi nəzarət tələb edir!

Güləşdə gənclərin hazırlığı xüsusi nəzarət tələb edir!

Azərbaycan idmançıları müstəqil dövlətimizin idman şərəfini beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Olimpiya oyunlarında layiqincə qoruyurlar. İdmançılarımız harada olmalarından, hansı dövlətin nümayəndələri ilə mübarizə aparmalarından asılı olmayaraq həmişə sağlam rəqabət nümayiş etdirirlər. Bu baxımdan, sərbəst və yunan-Roma güləşçilərimizin beynəlxalq arenalarda göstərdikləri parlaq nəticələr hamımızı sevindirir.
Bununla belə, bütün bunlar bizi heç zaman arxayınlaşdırmamalıdır.
Bu gün gənc güləşçilərimizin hazırlığı xüsusi nəzarət altında olmalıdır ki, sabah onlar milli komandada özlərinə yer ala bilsinlər. Güləşçilərimizin hazırlığı elmi tərəqqiyə, qabaqcıl təcrübəyə istinat edən mütərəqqi metodların tədbiqini tələb edir ki, nəticədə yüksək dərəcəli fiziki, texniki-taktiki və psixoloji hazırlıqlı idmançılar hazırlansın.
Bu isə günlərlə, aylarla yox, illərlə planlı şəkildə aparılan ardıcıl və məqsədyönlü, həm də çətin bir prosesdir. Bunun üçün yeniyetmə və gənc güləşçilərimiz, gənc məşqçi-müəllimlərimiz öz üzərlərində daim çalışmalıdırlar.
Güləş ilə məşğul olan hər kəs bunları bilməlidir:

- güləş iki şəxsin biri-biri ilə mövcud yarış qaydalarına əsaslanan əqlən, ruhən və cismən aparıldığı ədalətli idman mübarizəsidir.

- qələbəni ədalətli mübarizə şəraitində əldə etmək lazımdır.

- rəqib nə qədər zəif olsa da, heç vaxt sayıqlığı əldən vermək olmaz.

- rəqibinə həmişə hörmətlə yanaş, onun şəxsiyyətinə hörmət et.

- mübarizədə məğlub olarkən heç vaxt ruhdan düşmə. Güclü rəqibə uduzmağı da bacarmaq lazımdır.

- uduzduğun rəqibə qarşı qəlbində heç vaxt kin bəsləmə. Əksinə, ən azı, hazırlığının zəif tərəfini sənə aşkarladığı üçün ona qarşı səmimi hisslər nümayiş etdir.

- mübarizədə qalib gəldikdə lovğalanma.

- unutma ki, güclü bədənin arxasında güclü ruh dayanmalıdır.

- rəqibdən heç vaxt qorxma, hətta hiss etsən ki, o, səndən qat-qat güclüdür.

- bil ki, güləş kollektivi yaxşı tərbiyə olunmuş insanlardan ibarətdir.

- yarışlarda həmişə rəqibinə və hakimlərə qarşı diqqətli ol.

- güləşin nəzəriyyəsini öyrən, unutma ki, hər bir iş nəzəriyyədən başlayır və pratiki fəaliyyətlə həyata keçirilir.

- mübarizədə bədən bir alət, onu yönəldən, idarə edən ağıl və zəkadır.

- sağlam bədəndə sağlam ruh olar. Ruhunu həmişə sağlam saxla ki, bədənin də sağlam olsun.

- insanın mübarizliyi onun ruhunun qüvvəsindən asılıdır.

- idmanla məşğul olmaqla yanaşı, təhsil aldığın məktəbdə də yaxşı oxu, davranışın, nizam-intizamın ilə yoldaşlarına həmişə nümunə ol, içtimai işlərdə fəal iştirak et, böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaş.

- bilməlisən ki, doğulduğun andan toxunulmaz, pozulmaz hüquqların var. Ancaq onu da unutma ki, vətənə sədaqət, dövlət rəmzlərinə hörmət, tarixi mədəniyyət abidələrini, ətraf mühiti qorumaq hamı kimi, sənin də borcundur.

- mübarizədə ən yaxşi müdafiə hücumdur. Bunu yadda saxla

- həyatda məşğuliyyətini həmişə özün maraqlı etməyə çalış.

- insanın həyatda yaratdığı xarüqələr əqlin və ruhun məhsuludur.

- güləşdə həmişə təmizliyi, düzlüyü, gözəlliyi axtar.

- fənd işlətmək üçün rəqibi səhv buraxmağa vadar et.

- yarış zamanı təmiz və səliqəli idman geyimi, təvazökar və sadə bir davranış, diqqətli və inamli görünüş peşəkar idmançıya xas olan amillərdəndir.

- elimi mənbələr göstərir ki, 300-ə yaxın güləş fəndi vardır.

- məşqlərdə öyrədilən fəndlərin yüksək səviyyədə məsimsənilməsi onların yüz dəfə təkrarlanması və təkmilləşdirilməsini tələb edir. Bundan sonra həmin fəndlərin yarışlarda çətin şəraitdə rəqib üzərində tətbiqi onun həftələrlə, aylarla yox, illərlə təkmilləşdirilməsini tələb edir.


Hümbət Cavadov,
6 saylı Uşaq-Gənclər Güləş
İdman Məktəbinin təlimatçı-metodisti,
sərbəst güləş üzrə SSRİ idman ustası