Qusarlı qızlar da qızıl medal qazandılar

Qusarlı qızlar da qızıl medal qazandılar

Şənbə günü 15 yaşınadək oğlanlardan ibarət klubların iştirakı ilə ölkə birinciliyində sonuncu turun oyunları keçirilib. Medallar uğrunda mübarizə aparan komandaların final mərhələsindəki oyunlarında artıq çempion qismində çıxış edən Qusarın "Şahdağ” komandası Şəmkir hokkeyçilərinə 1:0 hesabı ilə qalib gələrək qızıl medallara layiq görülüb. İkinci yer uğrunda "Atasport-Binə” və "Akkord”(Sumqayıt) komandaları qarşılaşıblar. Binə təmsilçiləri gərgin oyunda "Akkord” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradıblar.
Beləliklə, ölkə birinciliyinin final mərhələsində 6 görüşdən 16 xal toplayan Qusar hokkeyçiləri qızıl medallara layiq görülüblər. "Atasport-Binə” 9 xalla II yeri tutub. "Şəmkir” komandası ölkə birinciliyinin bürünc mükafatına sahib çıxıb. Son görüşlərini uğursuz keçirən "Akkord” isə cəmi 4 xal toplayıb və çempionatı sonuncu- 4-cü yerdə başa vurub.

Nominasiyalar
üzrə qaliblər:
Teymur Sultanov ("Şahdağ” Qusar) -”Ən məhsuldar oyunçu”
Fuad Əsgərov ("Atasport-Binə”) - "Ən yaxşı oyunçu”
Məhəmməd Məmmədov - "Ən yaxşı qapıçı”

Şənbə günü 17 yaşınadək oğlanların yarışının da mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, 17 yaşınadək oğlanlar arasında Sumqayıtın "Atasport” komandası qalib adına layiq görülüb. "Atasport-Binə” bu yaş qrupunda da II yeri tutub. Masallının "Olimp” hokkeyçiləri isə III olublar. Final mərhələsinin 4-cü iştirakçısı "Xəzər”(Lənkəran) isə bütün görüşlərdə uduzaraq sonuncu yerdə qərarlaşıb.

Nominasiyalar
üzrə qaliblər:
Kənan Cabbarov ("Atasport”, Sumqayıt) - "Ən məhsuldar oyunçu”
Mehman Nuriyev ("Atasport”, Sumqayıt) - "Ən yaxşı oyunçu”
Camal Həşimov ("Atasport - Binə”) - "Ən yaxşı qapıçı”

Bazar günü qadın otüstü hokkey komandaları da çempionatın sonuncu və həlledici oyunlarını başa çatdırıblar. İlk olaraq meydana çıxan "Bakı” və "Sumqayıt” komandalarının görüşündə paytaxt hokkeyçilərinin qalib gələcəyinə heç kim şübhə etmirdi. Həmin qarşılaşmada "Bakı” rəqibini 8:0 hesabı ilə məğlub edərək xal ehtiyatını 25-ə çatdırmaqla çempionluğa daha da yaxınlaşıb. Ancaq "Bakı”nın çempion olması üçün "Samur”(Qusar)- "Atasport-2” matçında ikincilər qusarlı qızlara hökmən qalib gəlməli idilər. Heç-heçə isə çempionun aşkarlanması üçün əlavə "qızıl oyunun” keçirilməsinə ehtiyac yaradacaqdı. Lakin, mülahizələr özünü doğrultmayıb. Qusar hokkeyçiləri birinci hissədə 2:0, yekunda isə 4:1 hesabı ilə qalib gələrək xal ehtiyatını 27-yə çatdırıb və ən yaxın izləyiciləri üçün əlçatmaz olublar.

Nominasiyalar
üzrə qaliblər:
Günay İsmayılova ("Samur”, Qusar) - "Ən məhsuldar oyunçu”
Xalidə Zeynalova ("Bakı”) - "Ən yaxşı oyunçu”
Zlata Potapova ("Bakı”) - "Ən yaxşı qapıçı”