Uğura aparan yollar

Uğura aparan yollar

Ölkəmizdə idmanın inkişafına, uşaq və gənclərin fiziki sağlamlığına,gənc nəslin hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun üçün ölkəmizin bütün bölgələrində lazımi şərait yaradılıb.
İdmanın inkişafına, uşaq və gənclərin sağlam həyat tərzində yaşamasına xidmət göstərən idman ocaqlarının sayı kifayət qədərdir. 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbi (RİOEUGİM ) də belə idman ocaqlarındandır. Uğurlu fəaliyyəti ilə seçilən idman ocağında çoxlu sayda uşaq və yeniyetmə idmanın sirlərinə yiyələnir, sağlamlığını qoruyur. Məktəbin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərməsi idmanın təhsillə bərabər tutulmasının vacibliyini sübut edir.

"Uşaqların idmanla məşğul olması olduqca vacibdir”
Bugünlərdə idman ocağında keçirilən məşq prosesində iştirak etdik. Söhbət zamanı məktəbin direktoru Orxan Ələkbərov vurğuladı ki, uşaqların idmanla məşğul olması olduqca vacib amildir. Bu, uşaqların sağlam həyat tərzində yaşamalarına zəmin yaradır. " İdmançı kiçik yaşlarından formalaşır. İdmanla məşğul olmaq uşaqların fiziki cəhətdən güclü olmasına imkan verir. "Sağlam bədəndə sağlam ruh olar” ifadəsi təsadüfən deyilməyib.
"Təhsil” Respublika İdman Mərkəzinin ("Təhsil” RİM) nəzdində fəaliyyət göstərən idman məktəblərinin vəzifəsi uşaqları idman zallarına cəlb etmək, onlara idmanın sirlərini öyrətmək və sağlam həyat tərzini təbliğ etməkdir. Məktəbimizdə 1200-dən çox uşaq və yeniyetmə idmanla məşğul olur. Onların arasında nailiyyətlər əldə edənlər az deyil. Məktəbimizin uşaqları idmanın müxtəlif növləri ilə məşğul olur və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər”, - deyə məktəbin direktoru bildirdi. Qeyd edək ki, idman ocağında uşaqlar 8 idman növü (atletika, üzgüçülük, yunan-Roma güləşi, sərbəst güləş, cüdo, boks, stolüstü tennis, ağır atletika) ilə məşğul olurlar. Bu ilin sentyabr ayına qədər idman ocağında 7 idman növü fəaliyyət göstərirdi. Ağırlıqqaldırma idman növü üzrə bölmənin yeni fəaliyyətə başlamasına baxmayaraq, bu idman növünə maraq çoxdur. Belə ki, bu növdə 9 qrup mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, burada üzgüçülük və cüdo üzrə 12, yunan-Roma güləşi üzrə 30, stolüstü tennis üzrə 10 bölmə fəaliyyət göstərir. Sərbəst güləşçilər 18, boksçular 25, atletlər isə 14 qrupda məşğul olurlar. Ümumilikdə, altmışa yaxın məşqçi uşaq və yeniyetmələrə idmanın sirlərini öyrədir. Orxan Ələkbərov əlavə etdi ki, gənc idmançıların idmana olan marağını artırmaq üçün idman ocağında bir sıra tədbirlər həyata keçirilir. "Uşaqlar dövlət bayramları və anım günlərində həvəslə iştirak edirlər. İdman ocağına üz tutan uşaqların sağlamlığına da nəzarət olunur. Valideynlərin uşaqlara olan qayğısı isə bizi sevindirir. İdman olduqca çətin və məsuliyyət tələb edən sahədir. Valideyn tərəfindən diqqət görən uşaqlar həm təhsilə, həm də idmana məhsuliyyətlə yanaşırlar”,- deyə o bildirdi.


İdman ocağında 120-dən çox uşaq və yeniyetmə boksla məşğul olur
Məktəbin təcrübəli məşqçiləri uşaqlarla davranışa xüsusi fikir verir, onlarda idmana necə həvəs yaratmağı yaxşı bacarırlar. Məşqçilik sənətinin çətin tərəflərindən biri də məhz uşaqlarla davranışdır. Yetirmələri ilə xoş davranan məşqçilərin uğurları da yetərincə olur. Belə məşqçilərdən biri də məktəbin boks komandasının baş məşqçisi Mübariz Əliyevdir. Onun 27 illik məşqçilik fəaliyyətinin 17 ili 1 saylı RİOEUGİM - də keçib. Hazırda idman ocağında 120-dən çox uşaq və yeniyetmə boksla məşğul olur. "Yetirmələrimiz dəfələrlə Azərbaycan, dünya və Avropa cempionu adına layiq görülüblər. Onlardan Hüseyn Tarverdili dünya çempionatında bürünc, Avropa çempionatında isə gümüş medal qazanıb. Malik Məmmədzadə, Nəbi Bağırov, Məhəmməd Abdullayev, Nurlan Axundov kimi boksçular da yerli və beynəlxalq yarışlarda fəxri kürsüdə yer alıblar. Boksçularımız arasında milli komandanın tərkibində olanlar da var”, - deyə təcrübəli məşqçi bildirdi.
Qeyd edək ki, məşqlər idman ocağının boks zalında gündə iki dəfə olmaqla keçirilir. Mübariz müəllim qeyd etdi ki, boksla məşğul olanların hamısı oğlanlardır: "Boks çətin idman növlərindəndir. Bu idman növü ilə məşğul olan uşaqlar fiziki cəhətdən olduqca möhkəm olmalıdırlar. Odur ki, boksa həvəs göstərənlərin sayı çox olsa da, onların əksəriyyəti məşq prosesinin çətinliklərinə dözə bilmirlər. Uşaqların idmanla məşğul olması, uğur əldə etmələri üçün onların psixoloji cəhətdən də güclü olması lazımdır. Bu baxımdan yarışqabağı idmançılara psixoloji cəhətdən müsbət təsir göstərmək çox önəmlidir. Bu, onlarda özünəinam hissini gücləndirir”.


Məktəbin yetirmələri bir sıra yarışlarda qələbələr əldə ediblər
Sentyabrda Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində keçirilən beynəlxalaq turnirdə Süleyman Yaqubov qızıl madal qazanıb. Ədilxan Musaev və Rəşad Yelkiyev isə turnirdə mükafatalayiq yer tutublar. Sərbəst güləş üzrə keçirilən "Gələcəyin olimpiyaçılar” adlı beynəlxalq turnirdə Vahid Əizadə (59 kq) və Əbülmüslüm Məmmədov (73 kq) I yerə layiq görülüblər. Əbülxalid Quluzadə (66 kq) isə III pillədə qərarlaşıb. Məktəbin cüdo üzrə yetirmələri , həmçinin ağır atletika ilə məşğul olan idmançıları da yarışlarda yüksək nəticə göstəriblər. Naxçıvanda, eləcə də Gəncədə veteran cüdoçular arasında təşkil olunan kubok yarışında Samir Qeyisov və Cəbrayıl Abzərli fəxri kürsünün ilk pilləsində qərarlaşıblar. Murad Qiyazov mükafatalayiq yer tutub. Polşanın Qdansk şəhərində stolüstü tennis üzrə keçirilən dünya çempionatında isə Ramil Cəfərov qızıl medala sahib olub. Qazaxıstanda boks üzrə keçrilən beynəlxalq turnirdə Məhəmməd Abdulayev I yerə layiq görülüb. Nurlan Axundov III yerə çıxıb. Oktyabrda Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq üzgücülük yarışında Ramil Vəlizadə (100 m məsafə) bürünc medal əldə edib.
1 saylı RİOEUGİM-in yetirməsi, gənc boksçu Malik Məmmədzadə bildirdi ki, boksa uşaqlıqdan böyük maraq göstərib. Atası Mövsüm müəllimin idmana olan marağı Malikin də bu sahəyə həvəsini artırıb. Gərgin keçən məşqlər, yarışlarda aldığı zədələr gənc boksçunun bu növə olan sevgisini azalda bilməyib. Dəfələrlə Azərbaycan cempionu olan dəri əlcək ustası Avropa çempionatında iki dəfə bürünc medala layiq görülüb. O, Moldova, Qazaxıstan, Albaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib. "Yaxşı idmançı olmaq olduqca çətindir. Lakin insan öz peşəsini ürəkdən sevəndə çətinliklər onu qorxutmur. İdmanla peşəkar şəkildə məşğul olan bütün idmançılar həm fiziki, həm də mənəvi cəhətdən güclü insanlardır. Yarışlarda ölkəmizi təmsil etmək, uğur qazanmaq hər bir idmançı kimi, məndə də böyük qürur hissi yaradır. Qarşıda bizi İBF kəməri uğrunda yarış gözləyir. Bu yarışda qalib olmaq arzusundayam. İstəyirəm vətənimizə qızıl medalla qayıdım”, - deyə Malik Məmmədzadə bildirdi.
Nəbi Bağırov da idman ocağının istedadlı boksçularındandır. İdmançı bildirdi ki, gələcəkdə tanınmış boksçu olmaq arzusundadır. Əzmlə çalışan dəri əlcək sahibi məşqlərə böyük maraq göstərdiyini dedi. Dözüm, bacarıq, cəldlik, təcrübə tələb edən boksla məşğul olmaq, yarışlarda nailiyyətlər əldə etmək gənc boksçu üçün əsil zövqdür. Nəbi Bağırov, eləcə də 1 saylı RİOEUGİM-in diğər atletləri çalışırlar ki, onlara bəslənən ümidləri doğrultsunlar, beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pilləsində yer almaqla ölkəmizin idman şərəfini ləyaqətlə qorusunlar.
Jalə Rzabəyli