Tanınmış mütəxəssis 60 yaşını qeyd edəcək

Tanınmış mütəxəssis 60 yaşını qeyd edəcək

Noyabrın 1-də "Zenit” idman cəmiyyəti Respublika Şurasının sədri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin üzvü Fazil Hadıbəyovun 60 yaşı tamam olur.
Fazil Məmmədəli oğlu Hadıbəyov 1954-cü il noyabrın 1-də Qazaxıstanın Cambul vilayətində anadan olub.
O, 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakı Şəhər Xalq Maarif Şöbəsinin uşaq- gənclər idman məktəbində təlimatçı kimi başlayan Fazil Hadıbəyov 1979-cu ildən etibarən "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Respublika Şurasında baş mütəxəssis vəzifəsində çalışıb.
1987-ci ildən 1992-ci ilə qədər Ümumittifaq Həmkarlar İttifaqları KBTC-nin Azərbaycan Respublikası Şurasında baş mütəxəssis kimi işləyən Fazil müəllim 1992-1993-cü illər ərzində "Neftçi” idman cəmiyyəti Respublika Şurasında idman şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Fazil Hadıbəyov 1993-ci il avqustun 10-da təsisçilərin təklifi ilə yenidən bərpa olunan "Zenit” İdman Cəmiyyəti Respublika Şurasına sədr vəzifəsinə seçilib. Yubilyar bu sahədəki fəaliyyəti ərzində respublikada bədən tərbiyəsi və idmanın inkişafında, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli idmançıların hazırlanması sahələrində yorulmadan xidmət göstərib. "Zenit” İdman Cəmiyyəti onun rəhbərliyi altında ölkədə bədən tərbiyəsi və idman hərəkatında özünə məxsus mövqe tuta bilib.
Qeyd edək ki, Fazil müəllim "Zenit” İC-yə sədr təyin edildikdən sonra cəmiyyətin idmançıları Olimpiya, dünya, Avropa və beynəlxalq miqyaslı yarışlarda dəfələrlə mükafatalayiq nəticələr əldə ediblər.