Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan etdi

Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan etdi



Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyinə 2 məsələnin çıxarıldığını diqqətə çatdırmışdır:
1. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsi;
2. Cari məsələlər.

Birinci məsələnin müzakirəsi zamanı çıxış edən Fondun Müşahidə Şurasının üzvü Vüqar Əliyev media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirmişdir. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edən Vüqar Əliyev bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərəcəyi qənaətində olduğunu bildirmişdir. O, həmçinin qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılmasını, hər istiqamət üzrə ümumilikdə 6 nəfər qalibin müəyyənləşdirilməsini daha məqsədəuyğun saydığını bildirmişdir.
Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 300 manat olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsini təklif edən Vüqar Əliyev bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalistin faydalana biləcəyini diqqətə çəkmişdir.
Daha sonra təkliflər ətrafında müzakirələr aparılmışdır. Müşahidə Şurası üzvləri - Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, Faiq Qurbanov, Rəşad Məcid, İntiqam Hümbətov irəli sürülmüş təklifləri dəstəkləyərək kütləvi informasiya vasitələrinin sürətli inkişafı şəraitində Fond tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin şərtlərində də bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruriliyini vurğulamışlar. Qeyd edilmişdir ki, irəli sürülən təkliflər jurnalistlərə müsabiqənin elan edilmiş istiqamətləri üzrə sərbəst yazılar işləmələrinə, habelə müsabiqənin yekun nəticələrindən faydalanan jurnalistlərin sayının artmasına imkan verəcəkdir.
Daha sonra irəli sürülən təklif əsasında Fondun fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirəyə çıxarılmışdır. Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədri Umud Mirzəyev, şura üzvləri Rəşad Məcid və Vüqar Əliyev mövcud qaydalara dəyişiklikləri nəzərdə tutan bəzi təkliflər irəli sürmüşlər.
Müzakirələrin yekunu kimi müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin olunması barədə qərar qəbul edilmişdir.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun gördüyü işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.