İdmana həsr olunan ömür

İdmana həsr olunan ömür

Veteran akrobat Səmayə Əliyeva 1944-cü il noyabrın 8-də Bakıda anadan olub. Paytaxtın 14 saylı orta məktəbində, sonralar isə 10 saylı fəhlə və gənclər axşam məktəbində təhsil alıb. 1957-ci ildə Uşaq-Gənclər İdman Məktəbində akrobatika ilə məşğul olmağa başlayan Səmayə xanımın ilk məşqçisi Agali Həşimov olub. Gənc akrobart sonralar əməkdar məşqçi Bəhram Nərimanovun rəhbərliyi altında məşqlərini davam etdirib.
Səmayə Əliyeva 1963-1965-ci illərdə Bakı və Azərbaycan birinciliklərində, həmçinin şəhərlərarası turnirlərdə mükafatalayiq yerlər tutub. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alan Səmayə xanım təyinatla M.A.Əliyev adına İncəsənət İstitutuna göndərilib. Ali təhsil ocağında 40 ildən çox çalışan Səmayə Əliyeva burada baş müəllim və dosent kimi fəaliyyət göstərib. Bacarıqlı idmançı 1965-1967-ci illərdə Bakı Dövlət Sirkində akrobat-artist kimi də çalışıb. Veteran akrobat bir sıra turnir və idman tədbirlərində fəal iştirak etdiyinə görə diplomlarla təltif olunub. O, 1998-ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə əlaqədar olaraq Səmayə Əliyevaya "Tərəqqi” medalı verilib. Azərbaycan Gimnastika Federasiyası və Gimnastika Veteranları Şurası Səmayə Əliyevanı 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və uzun ömür arzulayır.
Arif Quliyev,
Azərbaycan Gimnastika Veteranları
Şurasının sədri, professor