«Neftçi İdman Klubu» İB xəbər verir

«Neftçi İdman Klubu» İB xəbər verir


Cüdo
Əbu-Dabidə cüdo üzrə keçirilən "Böyük Dəbilqə” turnirində 65 ölkədən 400-dən çox idmançı iştirak edib. Yarışda ölkəmizi 10 cüdoçu təmsil edib. Azərbaycan komandası turnirdən 4 medalla dönüb. Onlardan 3-ü "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur.
Yarışın ilk günü klubumuzun cüdoçusu Orxan Səfərov (60 kq) rəqib tanımayaraq "Böyük Dəbilqə”nin qalibi olub. Eyni çəkidə mübarizə aparan digər idmançımız İlqar Müşkiyev isə yarışın bürünc medalına yiyələnib və mükafatlandırma mərasimində fəxri kürsüyə Orxanla birlikdə çıxaraq, 3-cü pillədə dayanıb. Turnirin ikinci günündə klubun daha bir cudoçusu Rüstəm Orucov (73 kq) tatami üzərinə çıxıb. İdmançımız yarışı 3-cü yerdə başa vuraraq bürünc medala sahib olub.

Pankration
Türkiyənin İstanbul şəhərində pankration üzrə dünya çempionatı keçirilib. Üç gün davam edən yarışda 15 ölkədən 300-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu” İB-nin yığmanın heyətində yer almış idmançıları əzm və peşəkarlıq nümayiş etdirərək çempionatın 5 medalına sahib olublar. Yetirmələrimizdən ən yaxşı nəticəni 58 kq-da çıxış edən Əsgər Əsgərov göstərib. O, bütün görüşləri qələbə ilə başa vuraraq dünya çempionu tituluna yiyələnib. Yalnız final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Coşqun Dərişov (66 kq) gümüş medala layiq görülüb. İdmançı MMA və pankration SEMİ yarışlarının hər ikisində 3-cü yerə çıxıb. Digər pankrationçumuz Etiram Dərişov (66 kq) da eyni uğura imza atıb.

Basketbol
Oktyabrın 29-da Xaçmaz Olimpiya İdman Mərkəzində basketbol üzrə yeniyetmələrin IX Respublika Oyunları start götürüb. 1999-2000-ci illər təvəllüdlü qızlar arasında təşkil olunan yarışa paytaxt və bölgələrdən 7 komanda qatılıb. Rəqiblərindən daha yaxşı oyun sərgiləyən "Neftçi İdman Klubu” İB-nin komandası finalda "Gəncə 1” komandasına 34:8 hesabı ilə qalib gələrək Respublika Oyunlarının qalibi adını qazanıb.


Güləş
Hövsan Olimpiya İdman Kompleksində gənc güləşçilər arasında keçirilən "Hünər meydanı” açıq respublika seçim turnirində "Neftçi İdman Klubu”nun pəhləvanları da qüvvələrini sınayıblar. Gənc güləşçilərimiz böyük uğura imza ataraq, ümumilikdə, turnirin 24 medalına (7 qızıl, 7 gümüş, 10 bürünc) sahib çıxıblar. Bununla yunan-Roma güləşçilərimiz komanda hesabında 1-ci yeri tutublar.
Onlardan Rasim Əliyev (50 kq), Ramiz Məmmədov (55 kq), Ruhin Mikayılov (66 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq), sərbəst güləşçilərdən isə Mahir Əmiraslanov (55 kq) və Cahid Həsənzadə (60 kq) yarışın qalibi adını qazanıblar.

*            *           *
Elə həmin ünvanda daha bir yarış - yeniyetmə güləşçilər arasında Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan respublika seçim turniri təşkil edilib. Bu turnirdə də öz fəallıqları ilə seçilən klubumuzun təmsilçiləri 16 medal (7 qızıl, 4 gümüş, 5 bürünc) əldə ediblər və yunan-Roma güləşçilərimiz komanda hesabında liderliyə yüksəliblər.
Onlar arasında Elşad Məmmədov (42 kq), Elvin Mustafayev (54 kq), Kamran Mirzəliyev (58 kq), Ülvi Qənizadə (69 kq), sərbəst güləşçilərdən isə Cavid Cavadzadə (42 kq) və Orxan Həsənov (85 kq) turnirin qızıl medallarına sahib olublar.
 
*            *             *
Yeniyetmə (1998-2000-cu illər təvəllüdlülər arsında) və gənc (1995-1997-ci illər təvəllüdlü illər arasında) sərbəst güləşçilər də Bakı şəhər birinciliyində bu məkanda bir araya gəliblər. Klubun yeniyetmə pəhləvanlarından Cavid Cavadzadə (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq) və Sabutay Əmişov (54 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq paytaxt çempionu adını qazanıblar. Gənclərin yarışında isə Adəm Quliyev (50 kq) bu uğuru təkrarlayıb.

Stolüstü tennis
Bakı şəhəri 258 saylı orta məktəbin idman zalında 2003-cü il təvəllüdlü idmançılar arasında keçirilən stolüstü tennis üzrə paytaxt birinciliyində "Neftçi İdman Klubu” İB, Bakı Tennis Məktəbi, "Lokomotiv”, Qaradağ UGİM, "Xəzri” İdman Klubu, Şirvan və Şabran komandaları mübarizə aparıblar. Şəxsi xarakter daşıyan yarışda 30 oğlan və 20 qız iştirak edib. Klubumuzun tennisçilərindən Rəşad Zahirov bürünc medala yiyələnib. Zərif cinsin nümayəndələri arasında Nigar Əhmədova Bakı çempionu titulunu qazanıb. Zemfira Mikayılova isə fəxri kürsünün 3-cü pilləsində qərar tutub.


Sambo
Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında keçirilən sambo üzrə Bakı şəhər açıq birinciliyində klubumuzun samboçuları da qüvvələrini sınayıblar. İdmançılarımız paytaxt birinciliyində 5-i qızıl, 6-sı gümüş və 4-ü bürünc olmaqla 15 medal qazanıblar. Nicat Ağayev (62 kq), Kamran Əsgərov (68 kq), Şamil Məmmədov (74 kq), Elçin Sadıqov (82 kq) və Nizaməddin Orucov (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq liderliyə yüksəliblər.

"Neftçi İdman Klubu” İctimai
Birliyinin mətbuat xidməti