Slovakiyadan olan tanınmış daunhill ustası, dəfələrlə mauntinbayk turnirlərinin çempionu olmuş velosiped idmanının əfsanəsi sayılan Filip Polk ilk dəfə Azərbaycanda sübuta yetirəcək ki, velosiped təkcə nəqliyyat vasitəsi deyildir.
Daunhill (downhill - "təpədən üzüaşağı”), yaxud sürətli eniş dağ velosipedçisi üçün ekstremal yarışdır. Onun mahiyyəti nəzərdə tutulan məsafəni müəyyən vaxt ərzində qət etməkdən ibarətdir. Tipik daunhill məsafəsinə sıldırımlı enişlər, sərt döngələr, çala və təpələr şəklində nahamvar yollar, dik daşlar və digər maneələr daxildir. İdmançıların orta sürəti təqribən saatda 25 kilometr olmalıdır.
Daunhill dünyanın ən baxımlı idman növlərindən biridir. Filip Polk Bakıya dünyanın bir çox ölkələrində keçirilən "Red Bull Local Hero” layihəsi çərçivəsində səfər edib. Layihəyə görə, Bakıda 25 yerli daunhiller F.Polkun noyabrın 9-da Xocasən qəsəbəsində nümayiş etdirəcəyi nəticələri təkrar etməyə çalışacaq. Filip Polku geridə qoyan, yaxud ən yaxşı nəticə göstərən yerli idmançı turnirin qalibi və "Local Nero” titulunun sahibi olacaq.