Avropa Millətlər Kubokunda güləşçilərimiz mükafatalayiq yerləri tutublar
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak ediblər.
Komandalar iki yarımqrupda yarışıblar. Püşkatmanın nəticələrinə əsasən, sərbəst güləş üzrə yığmamız Türkiyə ilə eyni yarımqrupda mübarizə aparıb. Güləşçilərimiz 6:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışıblar. Azərbaycan yığması finalda Rusiya güləşçiləri ilə qarşılaşıb. Sərbəst güləşçilərimiz turniri ikinci sırada tamamlayıb və Avropa Millətlər Kubokunun gümüş medalına sahib olublar.
Ölkəmizin yunan-Roma güləçiləri isə, Rusiya və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıblar. Bolqarıstanla gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb. Qələbə daha keyfiyyətli fəndlərə və xal hesabına görə yığmamıza verilib. Komandamız qrupda növbəti görüşünü Rusiya yığmasına qarşı keçirib. Türkiyə, Ukrayna və Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə aparıblar. Yarımqrupu ikinci sırada tamamlayan güləş üzrə yunan-Roma yığmamız macarıstanlı həmkarları ilə bürünc medal uğrunda görüşüblər. Yığmamız 6:2 hesablı qələbə ilə Avropa Millətlər Kubokunu üçüncü sırada tamamlayıb.
olimpnews.az