Ailəvi idman yarışları sağlam və fəal həyat tərzini təbliğ edir

Ailəvi idman yarışları sağlam və fəal həyat tərzini təbliğ edir

Noyabrın 7-də Qaxda "Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində zona üzrə ailəvi idman təsnifat yarışı keçirilib.
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi yarışın əsas məqsədi Olimpiya Hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaq və gəncləri, onların valideynlərini Olimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Qax Olimpiya İdman Kompleksində keçirilən şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışlarda Şəki-Zaqatala bölgəsi və ətraf rayonlardan olan 18 ailə birincilik uğrunda mübarizə aparıb. İsmayıllı rayonundan gəlmiş Ravçeyevlər ailəsi birinci yerə layiq görülüb. Zaqatala və Qəbələ rayonlarının təmsilçiləri yarışları, müvafiq olaraq, ikinci və üçüncü pillədə başa vurublar. Qaliblər Milli Olimpiya Komitəsinin və "Coca-Cola” şirkətinin qiymətli hədiyyələri və diplomlarla mükafatlandırılıblar. Yarışın qalibləri, həmçinin ailəvi idman yarışının dekabrda Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.