“Sağlamlıq-2014” respublika spartakiadası davam edir

“Sağlamlıq-2014” respublika spartakiadası davam edir

Azərbaycanda rabitənin yaradılmasının 133 illiyinə həsr olunmuş rabitə işçilərinin "Sağlamlıq-2014” respublika spartakiadası davam edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə keçirilən spartakiadada artıq bir sıra idman növlərində yarışlar başa çatıb.
Şahmat yarışında "Aztelekom” İB-in komandası birinci yerə layiq görülüb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ikinci, Hərbiləşdirilmiş Mühafizə İdarəsi üçüncü yerə sahib çıxıb. Kişilər arasında keçirilən şahmat üzrə şəxsi yarışlarda Rizvan Babayev (Hərbiləşdirilmiş Mühafizə İdarəsi) bütün rəqiblərinə qalib gəlib. Qadınların mübarizəsində isə Nərmin Kazımova (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) birinci yerə layiq görülüb.
Dama yarışlarında da "Aztelekom” İB in kollektivi birinciliyi əldən verməyib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və "Teleradio” İB komandaları, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Dama üzrə kişilərin şəxsi yarışında "Aztelekom” İB-in təmsilçisi Sidai Samanduyev qalib adını qazanıb. Qızların yarışında da "Aztelekom” İB-in təmsilçisi Təranə Heydərova bütün rəqiblərini üstələməyə müvəffəq olub. Spartakiadada keçirilən kəndirdartma yarışında "Aztelekom” İB-in kollektivi birinciliyi əldən verməyib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ikinci, Dövlət Radiotezlikləri İdarəsi isə üçüncü yeri tutub. Nərd yarışlarında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin komandası qalib adını qazanıb. Azərsell MMC və Azərbaycan Texniki Universitetinin kollektivləri, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Nərd üzrə kişilərin şəxsi yarışında isə Firudin Məmmədov (Azərbaycan Texniki Universiteti) birinci yerə layiq gürülüb.
Məlumat üçün qeyd edək ki, spartakiadada 18 komanda 9 idman növündə - atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini futbol, nərd, şahmat, dama və güllə atıcılığı üzrə yarışlarda mübarizə aparır.
"Sağlamlıq-2014” respublika spartakiadasına noyabrın 26-da yekun vurulacaq.