Martın 19-24-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilib. Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcəklər.
Yığma komanda çempionatda baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında iştirak edəcək. Qadın güləşi üzrə yığma komandanın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıblar. Komandanı çempionata baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayev hazırlaşdırırlar. Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçi Nasir Nurbaxış Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verəcəklər. Çempionatın proqramına əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.