Sərbəst güləşçilər bir pillə irəlilədilər

Sərbəst güləşçilər bir pillə irəlilədilər

Buyaxınlarda Daşkənddə güləş üzrə böyüklər arasında keçirilən dünya çempionatının nəticələrində dəyişiklik baş verib. Sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanan Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadə etməsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın iki il müddətinə oyunlardan kənarlaşdırılmasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Kortinaya verilməsinə qərar verib.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a bildiriblər ki, bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını dördüncü sırada tamamlayan sərbəst güləş millimizin bir pillə irəliləməsi ilə nəticələnib. Beləliklə, Daşkənddə keçirilən dünya çempionatını 1 qızıl (Hacı Əliyev, 61 kq) və 1 gümüş (Xetaq Qazyumov, 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında Rusiya və İrandan sonra 36 xalla üçüncü yerdə qərarlaşıblar.

olimpnews.az