Dünya Güləş Birliyi İcraiyyə Komitəsi mühüm qərarlar qəbul edib

Dünya Güləş Birliyi İcraiyyə Komitəsi mühüm qərarlar qəbul edib


Keçən həftə Moskvada keçirilən Avropa Millətlər Kubokunun keçirildiyi müddətdə Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, iclasda müzakirə edilən cari məsələlərlə yanaşı, bir sıra yeni qərarlar da qəbul edilib.
Dünya Güləş Birliyi gələn ildən etibarən Avropa Güləş Assosiasiyası - CELA-nın U-23 qitə çempionatını keçirməsinə razılıq verib və yarışı 2015-ci ilin təqvim planına daxil edib. Beləliklə, 2015-ci il martın 24-dən 29-dək Polşanın paytaxtı Varşavada ilk dəfə olaraq güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç bildirib ki, Avropa qitəsində mövcud olan rəqabət imkanı gənclərə yaş kateqoriyasına aid olmayan güləşçilərə kömək etməyi tələb edir. Bu çempionat gənc güləşçilərə böyüklərin yaş kateqoriyasında iştiraka daha yaxşı hazırlaşmalarına imkan verəcək. DGB İcraiyyə Komitəsinin iclasında qəbul edilmiş digər qərara əsasən, gələcək Dünya Kuboku yarışlarında əvvəlki kimi 10 deyil, 8 komandanın iştirakı razılaşdırılıb. Bu zərurət 2013-cü ildə çəki dərəcələrində edilmiş dəyişikliklərdən irəli gəlib və Dünya Kuboku yarışlarının əhəmiyyətini qoruyub saxlamağa xidmət edir.
Gələn il keçiriləcək Dünya Kuboku yarışlarının püşkatma mərasimi 2015-ci il yanvarın 14-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin muzeyində baş tutacaq. Daşkənd şəhərində keçirilmiş Dünya çempionatında hər bir güləş növü üzrə ilk 8 yeri tutmuş komandalar Dünya Kuboku uğrunda mübarizə aparacaq. Hər üç güləş növü üzrə yığma komandalarımız Dünya Kuboku yarışlarında iştirak etmək hüququna sahibdir. Belə ki, Daşkənddə keçirilən Dünya çempionatında komanda hesabında sərbəst güləşçilər 3-cü, yunan-Roma güləşçiləri 4-cü, qadın güləşçilər isə 8-ci yer tutmaqla Dünya Kubokuna vəsiqəni təmin edib.
Yunan-Roma güləşi üzrə Dünya Kuboku gələn il fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku martın 7-8-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək.