«Neftçi İdman Klubu» İB-in idman xronikası

«Neftçi İdman Klubu» İB-in idman xronikası


Sambo:
Yaponiyanın Narita şəhərində sambo üzrə dünya çempionatına yekun vurulub.
«Neftçi İdman Klubu»nun milli komandamızın tərkibində yer almış idmançılarından ikisi böyük əzm və peşəkarlıq nümayiş etdirərək dünya yarışının mükafatçıları sırasına düşüb. Onlardan 52 kq çəki dərəcəsində çıxış edən Ağasəf Səmədov ilk görüşündə kanadalı Torin Makfadyeni, dörddəbir finalda Vladimir Lamanovu, yarımfinalda isə Özbəkistan idmançısı Şavkat Jurayevi məğlubiyyətə uğradıb. Final qarşılaşmasında gürcüstanlı Gennadi Çirqadzeyə uduzan Səmədov gümüş medala layiq görülüb. Klubun digər samboçusu Emil Həsənov (68 kq) əvvəlcə cibutili Fuad Anass Husseyni, ardınca Yeni Zelandiya təmsilçisi Aleksandr Bişopu yensə də, dörddəbir finalda monqolustanlı Tumurxuleq Davadorja məğlub olub. Üçüncü yer uğrunda təsəlliverici qarşılaşmalarda isə Emil argentinalı Fernando Qonsales və qırğızıstanlı Eldiyar Ulu Jarkınbay üzərində qələbə qazanıb və bürünc medala sahib olub.

Karate:
Yaponiyanın paytaxtı Tokioda kudo (daydo-cuku karate) üzrə IV dünya çempionatına və yeniyetmələr arasında I dünya birinciliyinə yekun vurulub. Dörd ildən bir təşkil olunan yarışda 63 ölkənin karate ustaları öz bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan yığması bu yarışda 6 idmançı ilə təmsil olunub ki, onlardan da 5-i «Neftçi İdman Klubu»nun yetirməsidir. Karateçilərimizdən ikisi mükafatalayiq yer tutub. Yeniyetmələr arasında Arif Səfərov (270) uğurla çıxış edərək dünya ikincisi olub. Kişilərin yarışında isə Şirxan İsmayılov (270) 4 döyüş keçirib və sonda 1-ci yerin qalibi Rusiya idmançısına məğlub olaraq bürünc medal qazanıb.


Cüdo:
Polşanın Vrotslav şəhərində 23 yaşadək gənc cüdoçular arasında Avropa çempionatı keçirilib.
Azərbaycan komandası bu yarışda 3 medal qazanıb ki, onlardan da 2-si «Neftçi İdman Klubu»nun idmançılarının payına düşür. Cüdoçularımızdan Uşangi Kokauri (+100 kq) həlledici final görüşündə rusiyalı Anton Krivobokova məğlub olaraq, qitə yarışının gümüş medalına yiyələnib. Hüseyn Rəhimli (73 kq) isə dörddəbir finalda çernoqoriyalı Nikola Qardaseviçə məğlub olduqdan sonra, təsəlliverici görüşlərdə Sloveniya təmsilçisi İqor Podariçə və yunan Azoidas Georgiosa qalib gələrək, yarışı 3-cü yerdə başa vurub.

* * *
«Sərhədçi» İdman Olimpiya Mərkəzində böyüklər arasında keçirilən cüdo üzrə respublika çempionatı sona çatıb. Yarışa 32 şəhər və rayonun komandalarından 250-dən artıq cüdoçu qatılıb.
«Neftçi İdman Klubu»nun idmançıları çempionatda üstünlükləri ilə seçiliblər. Yetirmələrimiz ümumilikdə 5 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıblar və komanda hesabında 1-ci yeri tutublar. Onlardan Davud Məmmədov (60 kq), Hidayət Heydərov (66 kq) və Rüstəm Alimli (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq, ölkə çempionu olublar. Qadınlar arasında isə Şəhla Babayeva (48 kq) və Nərgiz İbrahimova (70 kq) eyni uğuru təkrarlayıblar.

* * *
«Şağan» Olimpiya İdman Kompleksində isə yeniyetmə cüdoçular Bakı birinciliyində bir araya gəliblər. Təmsilçilərimiz bu dəfə də liderliyi heç kimə güzəştə getməyiblər. Belə ki, onlar ümumilikdə 11 medal (4 qızıl, 2 gümüş, 5 bürünc) əldə edərək komanda hesabında 1-ci olublar. Yeniyetmə cüdoçularımızdan Əhməd Yusifov (50 kq), Kərim Allahverdiyev (60 kq), Knyaz Mahmudlu (66 kq) və Azər Yaqubov (90 kq) rəqib tanımayaraq, paytaxt yarışının qalibi adını qazanıblar.

Akrobatika:
Bakı Gimnastika Məktəbində yeniyetmələr arasında akrobatika üzrə XXI Azərbaycan birinciliyi keçirilib. Yarışda klubumuzun akrobatları da qalib adı uğrunda mübarizəyə qoşulublar. İdmançılarımız 3-ü qızıl, 3-ü gümüş və 1-i bürünc olmaqla, çempionatın 7 medalına sahib çıxıblar. Onlardan Elçin Əlibəyov (1997) və Emin Gülməmmədlidən (1999) ibarət kişi cütlüyü, Zamirə Rzayeva (2000) - Əzizə Quliyeva (2000) qadın cütlüyü, Ləman Zeynalzadə (2002), Səmra Əsgərzadə (2002) və Ayla Zakiryayevadan (2007) təşkil olunmuş qadın qrupu qızıl medallara layiq görülüblər.


Üzgüçülük:
Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə açıq Azərbaycan çempionatı başa çatıb. Çoxnövçülük üzrə təşkil olunan yarışda Azərbaycan komandaları ilə yanaşı, Rusiya və Ukraynadan da idmançılar iştirak ediblər.
Çempionatda 6 üzgüçü ilə çıxış edən «Neftçi İdman Klubu» elə bu sayda da medal əldə edib. Boris Kirilov və Yuliya Sjetük arxası üstə üsulla üzmədə çempion olublar. Dorian Fazekaşla Roman Saley isə sərbəst üsulla üzmədə bu uğura imza atıblar. Maksim Krivenko sərbəst üsulda, Dmitriy Saley isə batterfləy üsulu ilə üzmədə ikinci yeri tutublar.
Qeyd edək ki, Dorian Fazekaş və Roman Saley bu yarışda ilk dəfə Azərbaycanın idman ustası normativini yerinə yetiriblər.



Boks:
Startı Tovuz rayonunda verilmiş idman məktəblərinin VI respublika oyunlarının proqramına daxil olan 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında boks üzrə zona birinciliyinin final mərhələsinə Balakən Olimpiya İdman Kompleksində yekun vurulub. Dörd gün davam edən yarışda 16 komandadan 170-dən çox dəri əlcək sahibi qüvvəsini sınayıb. Noyabrın 24-də sona çatan zona birinciliyində klubumuzun 3 idmançısı medalçılar sırasında yer alıb. Boksçularımızdan Əmri Novruzov (59 kq) və Kamran Əliyev (62 kq) 2-ci, Şahin Əsgərov (56 kq) isə 3-cü yeri tutub.

* * *
Hövsan Olimpiya İdman Kompleksində isə boks üzrə Bakı şəhər çempionatı sona çatıb. Yarışda mübarizə aparan klubun idmançıları paytaxt yarışının 6 medalına (2 qızıl, 1 gümüş, 3 bürünc) sahib olublar. Onlardan Orxan Süleymanov (49 kq) və Orxan Mayıllı (81 kq) bütün rəqiblərini məğlub edərək çempionatın qalibi olublar.

Ağırlıqqaldırma:
Noyabrın 22-də AAAF Park Yaşayış Kompleksinin idman zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə Bakı şəhər XIV açıq turniri keçirilib. 50-dən artıq atletin qatıldığı yarışda klubumuzun ağırlıqqaldıranı Sabit Bayramov (69 kq) bürünc medal qazanıb. Bunun üçün atletimiz birdənqaldırmada 90, təkanla qaldırmada isə 120 kq ağırlığın öhdəsindən gəlməli olub.



Güləş:
Hövsan Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə Bakı çempionatı başa çatıb. 61 pəhləvanın qalib adı uğrunda yarışdığı çempionatda «Neftçi İdman Klubu»nun təmsilçiləri ən yaxşı göstəriciyə nail olublar və komanda hesabında 1-ci yerə çıxıblar. Güləşçilərimiz 5-i qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla 14 medala yiyələniblər. «Klassiklər»imizdən Kərim Cəfərov (66 kq), Mehrac Kərimov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elçin Vəzirzadə (80 kq) və Fuad Əliyev (85 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

«Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti