Azərbaycanı Bakı-2015 Avropa Oyunlarında təmsil edəcək güləş elçilərinin adı açıqlanıb

Azərbaycanı Bakı-2015 Avropa Oyunlarında təmsil edəcək güləş elçilərinin adı açıqlanıb

Bakı-2015 Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb. Seçilmiş idmançılar öz idman növlərini və ölkəmizi təmsil edəcək, qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin Bakı-2015-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər. Azərbaycan Güləş Federasiyasının nümayəndələri - yunan-Roma güləşçisi Rövşən Bayramov və qadın təmsilçimiz Mariya Stadnik seçilmiş 11 elçilərdəndir.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən məlumata görə, 14 ildir güləşin yunan-Roma növü ilə məşğul olan Rövşən Bayramovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bu, həm də idmançımızın indiyədək qazandığı nailiyyətlərlə bağlıdır. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), hərbiçilərin dünya çempionatının qalibi (2006), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildə "Tərəqqi” medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Güləşlə 12 ildir məşğul olan Mariya Stadnikin adı da idman həvəskarlarına yaxşı tanışdır. Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya Stadnik demək olar ki, iştirak etdiyin bütün yarışlardan medalla qayıdıb. Olimpiya oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011, 2014), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildə "Tərəqqi” medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Rövşən Bayramov və Mariya Stadnik Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını bildiriblər.