Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçirilir. Dostluq görüşü bu ilin may ayında Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının Prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, yarış gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına test xarakteri daşıyır. Güləşçilərin iştirak edəcəyi Dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq.
Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı Dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışırlar.
Bu gün Azərbaycan yığma komandası Fransa güləş komandalarının təlim-məşq bazasında hazırlıqlar keçiblər. Yığma komandalarımızın üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri edib, daha sonra məşqçilərin tapşırığı ilə taktiki hazırlıqla məşqi davam etdiriblər. Qeyd edək ki, Dostluq görüşündə qonaq qismində iştirak edən Olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak edib.