Ciddə şəhərində “Bakı 2017” İslam Həmrəylik Oyunlarının təqdimatı keçirilib

Ciddə şəhərində “Bakı 2017” İslam Həmrəylik Oyunlarının təqdimatı keçirilib


Dekabrın 3-4-ü tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının (İHİF) növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva, Bakı-2017 İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsi Mehman Kərimov və digərləri iştirak ediblər.
İclas zamanı Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları ilə əlaqədar görülən işlərlə bağlı MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva tərəfindən hesabat verilib. MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Bakı-2017 Təşkilat Komitəsinin nümayəndəsi Mehman Kərimov Azərbaycanda keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimat ediblər.
Eyni zamanda tədbir çərçivəsində Azərbaycan Milli Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov Cüdo idman növünün 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının idman proqramına salınması və bu idman növü üzrə 2015-ci ildə test yarışının keçirilməsi ilə bağlı müzakirələr aparıb.
Mühüm məqam ondan ibarətdir ki, Assambleya zamanı Şahzadə Abdulla Bin Mossad Bin Abdulaziz İslam Həmrəylik İdman Federasiyasının yeni prezidenti seçilib. O, həmçinin Səudiyyə Ərəbistan Krallığının Olimpiya Komitəsinin yeni prezidenti təyin edilib.