Fəal ailələr Sumqayıtda yarışdılar

Fəal ailələr Sumqayıtda yarışdılar

Noyabrın 29-da Sumqayıt Olimpiya İdman Kompleksində "Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində yarış keçirildi. Milli Olimpiya Komitəsi və "Coca-Cola” şirkətinin birgə təşkil etdiyi yarışda ayrı-ayrı rayonları təmsil edən 7 ailə qalib adı uğrunda mübarizə apardı.
Ailələr 6 növdə ("Formula-1”, sədlərlə qaçış, ipatma, çarpazvari tullanma, top atma, qurbağa tullanışı) yarışdılar. Tədbirin təşkilində məqsəd Olimpiya Hərəkatı və sağlam həyat tərzini təbliğ etmək, uşaq və gəncləri, onların valideynlərini Olimpiya Hərəkatının fəal üzvünə çevirməkdən ibarət idi.

Tədbirin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kərimov belə yarışların uşaq və gənclərin həyatında mühüm rol oynadığını, onların yaddaşına həkk olunduğunu dedi. Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov öz çıxışında qeyd etdi ki, "Fəal ailəm, sağlam aləm” şən və təhlükəsiz oyunları ailələrin sağlamlığı, həmçinin onların asudə vaxtlarının səmərəli keçməsi üçün atılan addımlardan biridir. Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar və oyunlar üzrə məsləhətçisi Mehman Kərimov tədbir iştirakçılarını və tamaşaçıları salamlayaraq, bu oyunların əhəmiyyətindən danışdı. "Təşviqedici, maraqlı idman növləri ilə əhatə olunan belə yarılar ailələrin sağlamlığını qorumaq, həmçinin Olimpiya Hərəkatının genişlənməsinə dəstək olmaqdır. "Fəal ailəm, sağlam aləm” proqramm çərçivəsində respublikamızın bir sıra bölgələrində tədbirlər keçirilib. Biz çalışırıq ki, şən və təhlükəsiz oyunların coğrafiyası daha geniş olsun. Bu gün isə Sumqayıtda tədbir təşkil olunub. Mən şəhər rəhbərliyinə, Olimpiya İdman Kompleksinin rəhbərliyinə minnətdaram. Çünki onlar bizə lazımi şərait yaratdılar. Bilirsiniz ki, gələn il Bakıda ilk Avropa Oyunları keçiriləcək. Ölkəmiz möhtəşəm bir idman tədbirinə ev sahibliyi edəcək. Çox istərdik ki, bu gün burada olan insanlar Avropa Oyunlarının keçiriləcəyi stadionlarda idmançılarımızı dəstəkləsinlər”, - deyə o əlavə etdi.
Sonra yarışlara start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt-2 komandası birinci yerə layiq görüldü. Qusar rayonunu təmsil edən ailə ikinci oldu. Xaçmazdan gələn ailə isə üçüncü yeri tutdu. Qaliblər Milli Olimpiya Komitəsinin və "Coca-Cola” şirkətinin qiymətli hədiyyələri və kubokla mükafatlandırıldılar.