«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası

«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası


Karate
Noyabrın 29-da Litvanın Panevejis şəhərində start götürmüş kosiki karate-do üzrə Avropa kubokunda klubun karateçilərindən yeniyetmələr arasında Asiman Namazov katada 3-cü, kumite-bunkayda 1-ci, kumitedə (73 kq) isə 2-ci yeri tutub. O, kişilər arasında rinat kuper kumite-bunkay və kumite (63 kq) yarışlarının hər ikisində liderliyə yiyələnib. Nazim Mövsümzadə kata və kumite-bunkay yarışlarında 1-ci, kumite (73 kq) yarışında isə 3-cü yerə çıxıb. Digər karate ustası İlyas Əliyev isə kumitedə (açıq çəki) qitə yarışının qalibi olub.

Cüdo
Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə keçirilən "Qran-pri” turnirinə Azərbaycan yığması 8 idmançı ilə qatılıb.
İdmançılarımız ölkəyə 3 medalla dönüblər. Onların hər üçü "Neftçi idman klubu”nun yetirmələridir. Cüdoçularımızdan 90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədli Mehdiyev İspaniya və Cənubi Koreya təmsilçilərinə qalib gələrək, finala çıxsa da, həlledici qarşılaşmada ev sahiblərinin başqa bir idmançısına məğlub olub və gümüş medala layiq görülüb. Onunla eyni çəkidə çıxış edən Ramin Qurbanov ardıcıl olaraq İsveçrə, Ukrayna, Cənubi Koreya idmançıları üzərində qələbə qazanıb. Lakin Məhəmmədəli Mehdiyevin çempion olmasına imkan verməyən Dong Han Qvak yarımfinalda Raminin də çempionluğa gedən yolunu bağlayıb. Buna baxmayaraq, idmançımız 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı rəqibini məğlub edib və bürünc medala sahib olub. Digər cüdoçumuz Rüstəm Orucov (73 kq) da eyni uğura imza atıb. O, Rusiya və ABŞ idmançılarından üstün olsa da, israilli cüdoçuya uduzub. Ancaq Orucov 3-cü yer uğrunda görüşdə təcrübəli Qazaxıstan təmsilçisi Odbayar Qanbaatara qalib gəlib və fəxri kürsünün 3-cü pilləsində yer alıb.


Boks
Serbiyanın Vryaçka Banya şəhərində sayca 57-ci "Golden Glove” beynəlxalq boks turniri keçirilib. Yarışda 10 ölkənin 54 idmançısı qalib adı uğrunda mübarizə aparıb.
Milli komandamızın tərkibində yer almış "Neftçi idman klubu” İçtimai Birliyinin dəri əlcək sahibi Valeh Ramazanov (64 kq) finala yüksəlib və burada rusiyalı Eduard Xusainova 2:1 hesabı ilə qalib gələrək, turnirin qalibi adını qazanıb.


Taekvondo
Türkiyənin Antalya şəhərində keçirilən Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyasının birgə təşkil etdiyi G1 kateqoriyalı "Turkish open” yarışında klubumuzun millinin heyətində çıxış etmiş taekvondoçularından Mikayıl Əliyev (58 kq) finala qədər irəliləyib. Bu mərhələdəki qarşılaşmada məğlub olan idmançımız gümüş medal qazanıb. Klubun digər yetirmələri Ramin Əzizov (80 kq) və Bayraməli Vəliyev (87 kq) isə yarışı 3-cü yerdə başa vurublar.



Güllə atıcılığı
Gürcüstanın paytaxtı Tbilisidə güllə atıcıları arasında Şota Kveliaşvili kuboku turnirinə yekun vurulub. "Neftçi idman klubu”nun idmançıları da yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Kişilər arasında keçirilən yarışda (PTÇ-3) Rəsul Məmmədov qızıl, Ruslan Lunyov gümüş medal əldə edib. Qadınların yarışında (PTÇ-2) İradə Aşumova gümüş medala sahib olub. Zərifə Qasımova isə bürünc medalla kifayətlənib.


*  *  *
İdmançılarımız qonşu ölkənin paytaxtında daha bir yarışa qatılıblar. Burada təşkil olunan Tbilisi açıq kuboku yarışında əvvəlcə xanımlar özlərini sınayıblar. Turnirdə İradə Aşumova 3-cü yerə çıxıb. Kişilər arasında isə Ruslan Lunyov bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəsul Məmmədov isə 3-cü pillədə qərarlaşıb.

Şahmat
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Dekabr ayı üçün açıqlanan "Top-100”də klubun şahmatçıları da yer alıb. Teymur Rəcəbov 4 xal qabağa düşüb və 2734 xalla bir pillə irəliləyərək 21-ci sırada qərar tutub.
Rapid üzrə reytinqdə Teymur (2776) 12-ci, Eltac Səfərli (2676) isə 71-ci yerdə qərarlaşıb. Blits növündə isə Rəcəbov (2715) 36-cı pillədədir.



Paralimpiya
Türkiyənin Antalya şəhərində parataekvondoçular arasında keçirilən 3-cü Avropa çempionatına yekun vurulub.
Qitə yarışında ölkəmizi "Neftçi idman klubu”nun paralimpiyaçıları təmsil ediblər. 15 ölkədən 75 idmançının iştirak etdiyi turnirə komandamız 12 nəfərlə qatılıb. Parataekvondoçularımız Avropa çempionatının 3 qızıl, 2 gümüş və 5 bürünc medalını qazanıblar. Onlardan Nicat Müslümov (75 kq, K42), Aleksandr Polişuk (+75 kq, K44) və Aynur Məmmədova (58 kq, K44) bütün döyüşləri qələbə ilə başa vuraraq, Avropa çempionu tituluna yiyələniblər. Rövşən Qəhrəmanlı (61 kq, K44) və Rövşən Rzayev (75 kq, açıq kateqoriya) yalnız finalda məğlub olublar və gümüş medal əldə ediblər. Namiq Abbasov (61 kq, K43), Bahar Şıxəliyeva (49 kq, K44), Dövran Həsənov (61 kq, K42), Anar Hüseynov (61 kq, K42) və Şamil Kərimov (61 kq, açıq kateqoriya) isə çempionatı 3-cü yerdə başa vurublar.
Komandamız kişilər arasında Rusiyadan sonra 2-ci, qadınlar arasında isə Rusiya və Türkiyədən sonra 3-cü yeri tutub.

"Neftçi idman klubu”
İctimai Birliyinin
mətbuat xidməti