Müsabiqənin qalibləri mükafatlandırılıblar

Müsabiqənin qalibləri mükafatlandırılıblar


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına” uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədilə birgə təşkil etdiyi "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub. Bu münasibətlə dünən AFFA-nın inzibati binasında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək, AVRO-2020-nin ölkəmiz üçün əhəmiyyətindən danışıb, bu işdə cənab Prezident İlham Əliyevin böyük dəstəyini daimi hiss etdiklərini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri barədə geniş məlumat verərək, 2014-cü il iyulun 22-dən oktyabrın 15-dək keçirilmiş müsabiqəyə 21 mətbu orqandan 24 yazının təqdim olunduğunu, hər bir yazının 3 ekspert tərəfindən qiymətləndirildiyini qeyd edib.
Sonra ekspertlər Məzahir Süleymanzadə və Aydın Quliyev çıxış edərək, yazılar barədə öz fikirlərini bildiriblər. Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıblar və müsabiqədə iştirak edən bütün jurnalistlərlə AFFA tərəfindən hədiyyələr verilib. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, "Olimpiya dünyası” qəzetinin əməkdaşı Rahib Səmədov həvəsləndirici mükafata layiq görülüb.