Yakutsk əyalətində üç medal

Yakutsk əyalətində üç medal


Buyaxınlarda Rusiyanın Yakutsk əyalətində mas-wrestlinq üzrə dünya çempionatı keçirilib. İlk dəfə təşkil olunan yarışda 35 ölkədən 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Üç gün davam edən turnirdə ölkəmizi mas-wrestlinq federasiyasının prezidenti Ramiz Əliyevin rəhbərliyi altında 5 (4 oğlan, bir qız) idmançı təmsil edib. Ümumilikdə 3 (1 gümüş, 2 bürünc) medal qazanan komandamızın çıxışını uğurlu hesab etmək olar. Təmsilçilərimizdən ən yaxşı nəticəni 80 kq çəki dərəcəsində yarışan Soltan Ağayev göstərib. Belə ki, o, ardıcıl olaraq, Norveç, Monqolustan və Qazaxıstan idmançılarını üstələyərək finala vəsiqə qazanıb. Təəssüf ki, burada təmsilçimiz Rusiya idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib. 60 kq çəki dərəcəsində mübarizə aparan Arif Şahlarov isə, ilk görüşdə rusiyalı rəqibinə məğlub olub. Lakin rusiyalı idmançının finala yüksəlməsi təmsilçimizin bürünc medal qazanmaq şanslarını saxlayıb. Həmyerlimiz üçüncü yer uğrunda görüşdə Macarıstan, Ukrayna və Latviya idmançılarına qalib gələrək bürünc medala sahib çıxıb. Komandamıza digər bürünc medalı isə yeganə xanım idmançımız Şəfəq Məmmədova qazandırıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq ilk görüşdə Braziliya idmançısından üstün olsa da, növbəti mərhələdə rusiyalı rəqibi ilə bacarmayıb. Lakin bürünc medal uğrunda görüşə çıxan idmançımız qırğızıstanlı rəqibinə qalib gələrək 3-cü yerlə kifayətlənib. Digər idmançılarımız Stanislav Kondakov (70 kq) və Ramiq Nuriyev (125 kq) turniri beşinci yerdə başa vurublar. Beləliklə, bir gümüş və iki bürünc medal qazanan yığmamız Rusiya, ABŞ və Qırğızıstandan sonra ümumi komanda hesabında dördüncü yeri tutub.
Məlumat üçün qeyd edək ki, yarışlar başa çatdıqdan sonra Beynəlxalq Mas-wrestlinq Federasiyasının Konqresi keçirilib. Konqresdə mas-wrestlinq idman növünün 2020-ci ilə qədər inkişaf proqramı qəbul edilib. Həmin proqrama əsasən, 2020-ci ilə qədər Beynəlxalq Mas-wrestlinq Federasiyasının üzvlərinin sayı 70-ə çatdırılması nəzərdə tutulub. Bildirək ki, hazırda bu federasiyanın üzvlərinini sayı 33-dür.
Tədbirdə həmçinin Azərbaycan Mas-wrestlinq Federasiyasının prezidenti Ramiz Əliyev bu idman növünün inkişafında göstərdiyi xidmətlərə görə fəxri diplomla mükafatlandırılıb.