“Zenit” İdman Cəmiyyətinin XVII Spartakiadasına yekun vuruldu

“Zenit” İdman Cəmiyyətinin XVII Spartakiadasına yekun vuruldu


Oktyabr ayında start götürən "Zenit” İdman Cəmiyyəti İdman Şurasının ("Zenit” İCRŞ) Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVII Spartakiadası başa çatıb. Yarışlarda Aviasiya işçiləri, Avtomabil nəqliyyatı və yol təsərrüfatı işçiləri, Elektroenergetika və elektrotexnika sənayesi işçiləri, Müdafiə sənayesi isçiləri, "Baku Steel Kompani” və Metropoliten işçiləri respublika həmkarlar komitələrinin komandaları mübarizə aparıblar. Ümumilikdə 58 komandanın yer aldığı XVII Spartakiada yarışlarında 267 nəfər (16 qadın) gücünü sınayıb. Onlar 10 növdə (mini-futbol,voleybol, daşqaldırma, qol güləşi, kəndirdartma, stolüstü tennis, nərd, dama, şahmat, güllə atıcılığı) mübarizəyə qoşulublar. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə qaliblər həm şəxsi, həm də komanda hesabında müəyyənləşib.
Mini futbol turniri Metropoliten işçilərinin qələbəsi ilə başa çatıb. Voleybol yarışlarında isə müdafiə sənayesi işçilərinin komandası bütün rəqiblərini üstələyib. Bu komanda kəndirdartma yarışlarında da birinciliyi əldən verməyib. Daşqaldırma turnirində isə avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri birinci yerə layiq görülüblər. Qol güləşi, dama və şahmat turnirlərində aviasiya işçiləri rəqiblərinə güzəşt etməyiblər. "Baku Steel Kompani” komandası stolüstü tennis turnirində birinci olub. Müdafiə sənaye işçiləri güllə atıcılığında fərqləniblər. Metropoliten işçiləri isə nərd yarışlarında birinci yerə sahib çıxıblar. Daşqaldırma üzrə keçirilən şəxsi yarışlarda Avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri HK-nın üzvləri Rəsul Cəfərov, Vüsal Cavadov və Teymur Mustafayev öz çəkilərində birinci yerə layiq görülüblər. Malik Axundov da ("Baku Steel Kompani”) bu yarışın qalibləri sırasında yer alıb. Qol güləşi üzrə şəxsi yarışlarda Bəxtiyar İbrahimli, Səyyad Rəhimzadə, Mirtaleh Aslanov, Tural Məmmədov (hamısı aviasiya işçiləridir) və Kamal Məmmədli qalib adına yiyələniblər.
XVII Spartakiadanın yekunlarına görə, Metropoliten işçiləri Həmkarlar Komitəsinin komandası birinci yerə layiq görülüb. Avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri HK-nin üzvləri isə II olublar. Ümumi komanda hesabında qalib olan komandalar və şəxsi yarışlarda mükafatalayiq yer tutan idmançılar "Zenit” İCRŞ-nın diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.