“SENİ CUP” turniri başlayır

“SENİ CUP” turniri başlayır

Milli Paralimpiya Komitəsi və "Əlil İdmançılara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dekabrın 6-da yeni yaradılan boccia idman növü üzrə ilk dəfə "SENİ CUP” turniri keçiriləcək. 8 ay əvvəl yaradılan bu idman növünün təbliği və inkişafı üçün respublikada 4 təlim mərkəzi yaradılıb.
Qeyd edək ki, boccia 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib. 50 ölkədə tətbiq olunan bu idman növünə ölkəmizdə də maraq artmaqdadır. Uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması və s. kimi fiziki məhdudiyyəti olanlar boccia ilə məşğul ola bilərlər.
Məlumat üçün bildirək ki, "SENİ CUP” turnirində BC1, BC2, BC4 kateqoriyalarında Bakı, Şəki və Ağsu şəhərlərindən, ümumilikdə, 22 idmançı iştirak edəcək. Onlardan 3-ü ilk dəfə Azərbaycanda yaradılmış Uşaq Paralimpiya Komitəsini təmsil edəcəklər.
Turnir "ABU Arena İdman Kompleksi”ndə keçiriləcək. Turnirdə Gənclər və İdman Nazirliyinin, Milli Paralimpiya Komitesinin və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Beynəlxalq Paralimpiya Komitəsinin vitse prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016 Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin İnteqrasiya üzrə komitə sədri Endrü Parsons iştirak edəcəklər.