Təcrübəli məşqçinin 65 yaşı tamam olur

Təcrübəli məşqçinin 65 yaşı tamam olur


Əməkdar məşqçi Feyzulla Rəhimbəyov 1949-cu ilin dekabr ayında Quba rayonunda anadan olub. Orta məktəbi qurtardıqdan sonra Bakıda 14 saylı texniki peşə məktəbində oxuyub.
1968-70-ci illərdə hərbi xidmətdə olub. O, 1972-ci ildə "Burevestnik” İdman Cəmiyyətində işə başlayıb 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutuna daxil olub. Həyatını otüstü hokkeyə bağlayan Feyzulla Rəhimbəyov 1980-ci illərdə "Azneftxim” hokkey komandasının böyük məşqçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, həmin komanda SSRİ çempionatının yüksək liqasında çıxış edirdi. O, 1986-cı ildə Respublika Otüstü Hokkey Məktəbinə rəhbərlik edib. İdman cəmiyyətləri birləşdirildikdən sonra, təcrübəli mütəxəssis Həmkarlar İttifaqında bir neçə idman növü üzrə baş təlimatçı olub. Sonralar kişilərdən ibarət "Azəri” otüstü hokkey komandasının böyük məşqçisi seçilib. Feyzulla Rəhimbəyovun təşəbbüsü ilə 1999-cu ildə Nizami rayon Olimpiya Ehtiyatları Məktəbində otüstü hokkey bölməsi yaradılıb və o, burada baş məşqçi işləyib. Təcrübəli mütəxəssis 2001-2006-cı illərdə otüstü hokkey üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub. 2007-ci ildə yaradılan "Akkord” komandasının da baş məşqçiliyi Feyzulla müəllimə həvalə edilib. Onun rəhbərliyi altında çıxış edən "Akkord” klubu 6 dəfə Azərbaycan çempionu adını qazanıb. 2012-ci ildə Azərbaycanın ən yaxşı komandası nominasiyasının qalibi olan "Akkord” beynəlxalq turnirlərdə də uğurla yarışır. Klub Avropa Liqasında ("Çellenc-2”) çempion adına layiq görülüb, "Çellenc-2” yarışlarında III yeri tutub.
Təcrübəli məşqçinin otüstü hokkeyin inkişafında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 65 yaşını qeyd etməyə hazırlaşan Feyzulla Rəhimbəyov Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülüb.