Bakıda idmanın boccia növü üzrə ilk dəfə “SENİ CUP” turniri təşkil olunub

Bakıda idmanın boccia növü üzrə ilk dəfə “SENİ CUP” turniri təşkil olunub


Dekabrın 6-da "ABU Arena” idman kompleksində idmanın ölkəmizdə yeni yaranmış boccia növü üzrə ilk dəfə "SENİ CUP” turniri keçirilib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və "Əlil İdmançılara Dəstək” İctimai Birliyi tərəfindən keçirilən turnirin əsas məqsədi əlil insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarının təbliği oldu.
"SENİ CUP” turnirində BC1/BC2 və BC4 kateqoriyalarında Bakıdan, Şəkidən və Ağsudan, ümumilikdə 22 idmançı iştirak edib. Onlardan üçü beynəlxalq təcrübədə ilk dəfə Azərbaycanda yaradılmış Uşaq Paralimpiya Komitəsinin idmançısı olub.
Turnirin açılış mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016-cı il Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin inteqrasiya üzrə komitəsinin sədri Endrü Parsons, Gənclər və İdman Nazirliyinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Təntənəli açılışdan sonra turnirin yarımfinal və final yarışları keçirildi.
"SENİ CUP” turnirinin yekunlarına görə İntiqam Səfərov BC1/BC2 kateqoriyasında birinci yeri tutdu.
BC4 kateqoriyasında isə qalib adını Çimnaz Abdullayeva qazandı.
Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olundu.
Məlumat üçün bildirək ki, idmanın bu növü 1984-cü ildən paralimpiya oyunlarının proqramına daxil edilib və sürətlə inkişaf edir. 20 il ərzində populyarlıq qazanan boccia üzrə hazırda 50 ölkədə yarışlar keçirilir. İdmanın bu növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin zədələnməsi, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar yarışa bilərlər.
Xatırladaq ki, boccia idman növü Milli Paralimpiya Komitəsinin və İctimai Birliyin təşəbbüsü ilə artıq səkkiz aydır ki, Azərbaycanda təbliğ olunur. Bu müddətdə respublikada dörd təlim mərkəzi yaradılıb.
Milli Paralimpiya Komitəsi yaxın günlərdə Beynəlxalq Boccia Federasiyasına üzv olub. İdmançılarımız gələn ildən etibarən boccia üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.