Stadionun tikintisinə 12,5 milyard rubl xərclənib

Stadionun tikintisinə 12,5 milyard rubl xərclənib
Xəbər verdiyimiz kimi, Rusiyanın Kazan şəhəri (Tatarıstan) bu il Tələbələrin XXVII Ümumdünya Yay Universiadasına ev sahibliyi edəcək. Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion, demək olar ki, hazırdır. 12,5 milyard rubla başa gələn arena aprelin sonlarında istifadəyə veriləcək. Təşkilat Komitəsinin üzvləri və xidmətçilər üçün nəzərdə tutulan otaqlar da bu ay hazır olacaq. Stadionda «21» adlı retro - klubun yaradılması da nəzərdə tutulur.

300 kv.m sahəni əhatə edəcək bu klubda avtosalon fəaliyyət göstərəcək. Burada nümayiş olunan retro-avtomobillər satışa çıxarılacaq. Stadionda illik abonomentin qiyməti 30-110 min rubl dəyərində olacaq. Abonomentin sahibinə stadionda keçirilən bütün yarış və tədbirlərdə iştirak hüququ veriləcək, həmçinin o, burada pulsuz yeməklə təmin olunacaq. FİFA-nın tələblərinə uyğun olaraq, stadionda qonaq komanda üçün dörd soyunub-geyinmə otağı fəaliyyət göstərəcək. Burada massaj otaqları, məşqçilər üçün otaqlar da olacaq. Stadionun tikintisində 3 min fəhlə iştirak edib.
Universiadanın proqramına daxil olan su idman növlərinin keçiriləcəyi arena da hazırdır. Su İdman Növləri Sarayı adlanan bu arena bayırdan dəniz dalğasını xatırladır. Binanın daxili hissəsinin uzunluğu 200, eni isə 100 metrdir. Burada 3 hovuz yaradılıb: suya tullanma hovuzu və 2 üzgüçülük hovuzu. 44 min kv.m sahəni əhatə edən qurğunun tikintisinə 3,6 milyard rubl xərclənib.