Dekabrın 13-15-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.
Olimpnews.az xəbər verir ki, Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Bununla yanaşı, görüşlərin obyektv və ədalətlə idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə olunacaq. Azərbaycan çempionatını idarə etmək üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə ediləcək. Xatırladaq ki, Azərbaycan Güləş Federasiyası əvvəllər də ölkə çempionatının yüksək səviyyədə təşkili üçün əcnəbi hakimləri yarışlara cəlb edib.
Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Yarışlar hər gün saat 10:00-da başlayacaq. Çempionatın rəsmi açılış mərasimi dekabrın 13-də saat 17:00-da keçiriləcək. Final qarşılaşmaları "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
AGF azarkeşləri güləşçilərimizə dəstək olmağa çağırır. Gəlin, yığma komandamızın heyətini birlikdə seçək!!!
olimpnews.az