«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası

«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası



Boks
Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya kubokuna yekun vurulub. Turnirdə yerli idmançılarla yanaşı, Azərbaycan, Çin, Monqolustan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Çexiya, Belarus, Litva, Latviya, Ermənistan, İsveç və Türkmənistan komandaları da mübarizə aparıblar.
"Neftçi İdman Klubu” İctimai Birliyinin ("Neftçi İdman Klubu” İB) ölkə millisinin heyətində təmsil olunmuş dəri əlcək ustalarından 64 kq çəki dərəcəsində çıxış edən Salman İbrahimov və Rauf Rəhimov (81 kq) yarışın bürünc medalını qazanıblar.


Güləş
Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib. Hər üç növdə pəhləvanlarımızın iştirak etdiyi yarış Parisin ən məşhur saraylarından biri olan "Qış sirki”ndə baş tutub.
Yoldaşlıq görüşünü Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də izləyiblər. Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, I Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxıblar.
Görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar təşkil olunub. Gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Nəticədə, komandamız rəqibinə böyük üstünlüklə, 9:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yoldaşlıq görüşündə çıxış edən yığma komandanın heyətində "Neftçi İdman Klubu” İB-nin güləşçiləri Rövşən Bayramov, Həsən Əliyev və İslam Abbasov da yer alıblar.


Şahmat
Qətərin paytaxtı Doha şəhərində "Qatar Masters Open 2014” beynəlxalq şahmat turniri keçirilib. Klubun yetirməsi Vasif Durarbəyli sonuncu turda qara fiqurlarla mübarizə aparıb və ukraynalı Yuri Krivoruçkonu məğlub edib. Klubun digər zəka sahibi Eltac Səfərli isə Rusiya şahmatçısı Yevgeni Tomaşevskiylə sülh bağlayıb. Beləliklə, aktivində 6,5 xal olan Vasif Durarbəyli 5-ci sırada dayanıb. Eltac Səfərli isə 6 xalla 7-23-cü yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 18-ci pillədə qərar tutub.

Cüdo
"Sərhədçi” İdman Olimpiya Mərkəzində dekabrın 3-də start verilmiş yeniyemə cüdoçuların respublika birinciliyi başa çatıb. Yarışda ölkənin 53 şəhər və rayonunun idman klub və cəmiyyətlərindən 500 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub. "Neftçi İdman Klubu” İB birinciliyə 62 idmançı ilə qatılıb. Nümayiş etdikləri əzm və peşəkarlıq baxımından rəqiblərindən aşkar üstünlükləri ilə seçilən cüdoçularımız 4-ü qızıl, 4-ü gümüş, 7-si bürünc olmaqla, 15 medala yiyələniblər və komanda hesabında 1-ci yeri tutublar.

Oğlanların yarışında 90 kq çəkidə çıxış edən Azər Yaqubov bütün görüşlərdən qalib ayrılaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Əkrəm Sadıqov (50 kq) və Saleh Balayev (73 kq) gümüş medala layiq görülüblər. Dadaş Rəhimov (46 kq), Asiman Rəhimov (50 kq), Tofiq Əliyev (55 kq), Knyaz Mahmudlu, Orxan Quliyev (hər ikisi 66 kq), Razim Yaqubov və Arif Qasımov (hər ikisi 81 kq) isə bürünc medalla kifayətlənməli olublar. Zərif cinsin nümayəndələri arasında İlahə Əhlimanova (52 kq), Bəsti Səfərova (57 kq) və Nigar Cəfərova (70 kq) çempionluq sevinci yaşayıblar. Naciyə Hüseynova (52 kq) və Fidan Hüseynova (63 kq) isə yarışı 2-ci yerdə başa vurublar.

Futbol
Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi "Sabahın ulduzları” paytaxt çempionatının hazırlıq qrupunda ikinci mərhələnin 8-ci, yuxarı yaş qruplarında isə 10-cu turun oyunları keçirilib. 2004-2005-ci illər təvəllüdlü futbolçular arasında təşkil olunan 1-7-ci yerlər uğrunda qarşılaşmalarda "Neftçi İdman Klubu” İB-in komandası "Bakı”nı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. 8 turdan sonra komandamız 10 xalla 3-cü yerdə qərarlaşıb.
2002-2003-cü illər təvəllüdlü futbolçuların oyununda isə "Neftçi İdman Klubu” "Xudafərin” komandası ilə üz-üzə gəlib və rəqibini məğlubiyyətə uğradıb - 2:0. On turdan sonra 28 xal toplayan komandamız hazırda turnir cədvəlinin şəriksiz lideridir.

"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti