Dekabrın 14-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında ikinci günün yarışları keçirilib.
Yarışların proqramına əsasən, yarışın ikinci günü sərbəst güləşçilər arasında 86 kq, 97 kq və 125 kq, yunan-Roma güləşçiləri arasında isə 59 kq, 66 kq və 71 kq çəki dərəcələrində 116 idmançı birincilik uğrunda mübarizə aparıb. Sərbəst güləşçilərin mübarizəsində Aleksandr Qostiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq), yunan-Roma güləşçilərinin yarışında isə Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq) və Rüstəm Əliyev (71 kq) çempion adına layiq görülüblər.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Ölkə çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət edilib. Xüsusilə prinsipial qarşılaşmalarda bu hakimlərin xidmətindən istifadə olunacaq.
Dekabrın 15-də yekun vurulacaq yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcəklər.