«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası

«Neftçi İdman Klubu» Ictimai Birliyinin idman xronikası

Güləş:
Dekabrın 13-də «Sərhədçi» İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında start götürən Azərbaycan çempionatına yekun vurulub.
Dünya Güləş Birliyinin qaydalarına əsasən, keçirilən yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunurdu. Bununla yanaşı, görüşlərin obyektiv və ədalətlə idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə olunurdu. Ölkə çempionatında ədaləti qorumaq üçün 10-a yaxın beynəlxalq dərəcəli hakim yarışa dəvət olunmuşdu. Xüsusilə də prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə edilirdi.
Çempionatın proqramına əsasən, dekabrın 13-də 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər arasında ən güclülər müəyyənləşdi. Növbəti gün 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, dekabrın 15-də (yarışın sonuncu günü) isə 75, 80, 85, 98 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri qüvvələrini sınadılar.

Qeyd edək ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş pəhləvanlar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunmuş, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilərək tam idman geyimi dəsti ilə təmin edilmişlər.
«Neftçi İdman Klubu» respublika çempionatına 31 sərbəst və 49 yunan-Roma güləşçisi ilə təmsil olunmuşdu. Gərgin mübarizə şəraitində keçən yarışda, böyük əzmkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərindən daha üstün olduqlarını sübut etdilər. Belə ki, klubun yetirmələri ümumilikdə respublika yarışının 23 medalına (7 qızıl, 6 gümüş, 10 bürünc) sahib oldular və komanda hesabında yunan-Roma güləşi üzrə 1-ci, sərbəst güləşdə isə 2-ci yeri tutdular.
Sərbəst güləşçilər arasında 57 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Əliyev bütün qarşılaşmalardan qalib ayrılaraq, Azərbaycan çempionluğunun sevincinin daddı. Yunan-Roma güləşçilərindən isə Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq) və Türmən Eyyubov (98 kq) eyni uğuru təkrarlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.

Gimnastika:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ölkə və Bakı şəhər birinciliyi, həmçinin ilk dəfə olaraq bölgələrarası kubok yarışı keçirilib. Yarışlarda rekord sayda - 122 nəfər gimnast bacarığını nümayiş etdirib. Bu dəfə regionların sözügedən növ üzrə aktivlik göstərməsi sevindirici hal idi. Belə ki, yarışlarda Sumqayıt, Xırdalan, Göyçay, Kürdəmir və Qusardan olan gimnastlar da qalib adı uğrunda mübarizəyə qoşulublar. 1999-2001, 2002-2003, 2004-2006-cı il təvəllüdlü yeniyetmələr arasında təşkil olunmuş yarışlarda gimnastlar lent, gürzələr, top və halqa ilə, eləcə də alətsiz çıxışlarla özlərini sınayıblar.

Yarışlara qatılanlar arasında «Neftçi İdman Klubu»nun yetirmələri də olub. Gimnastlarımızdan Cahan Əsədova həm respublika, həm də paytaxt birinciliyində çoxnövçülük yarışlarının qalibi adını qazanıb. Klubun digər təmsilçisi Vəfa Həsənzadə isə çoxnövçülükdə hər iki yarışın bürünc medalına yiyələnib.

Futbol:
Futbol üzrə I divizionda XV tura yekun vurulub. Bu tur həm də birinci dövrənin sonuncu oyunları idi.
«Qaradağ Lökbatan» komandası bu tur çərçivəsində «Turan Tovuz»un qonağı olub. Komandamız bölgəyə əsas heyətin cəzalı və zədəli durumda olan yeddi oyunçusunu aparmayıb: Anar Həsənov (k), Aydın İsmayılov, Yasin Yaqubzadə, Sərxan Ağayev (cəzalılar), Natiq Əkbərov, Timur Dadaşov və Ramil Nuriyev (zədəlilər). Buna baxmayaraq, doğma divarlar arasında rəqiblərinə baş ağrısı olmaqda ad çıxaran «Turan Tovuz», bu dəfə öz ənənəsini davam etdirə bilməyib. Daha doğrusu, komandamız buna imkan verməyib. Belə ki, «Qaradağ Lökbatan» oyunun startından etibarən təhlükəli hücumlarla üstünlüyü ələ alıb. Nəticədə qollar da özünü çox gözlətməyib. Beşinci dəqiqədə Rüfət Məmmədov hesabı açıb - 1:0. Cəmi üç dəqiqə sonra İlham Allahverdiyev hesab arasındakı fərqi ikiyə çatdırıb. Kəsərli hücumlarını davam etdirən «Qaradağ Lökbatan» 25-ci dəqiqədə rəqibi 3-cü dəfə mərkəzə dəvət edib. Bu dəfə də fərqlənən Rüfət Məmmədov özünün ikinci, komandasının isə 3-cü qolunu vurub. Komandalar fasiləyə elə bu hesabla yollanıblar. İkinci hissə də komandamızın üstünlüyü ilə başlayıb. 50-ci dəqiqədə rəqibin qapısına təyin olunmuş onbirmetrlik cərimə zərbəsini İlham Allahverdiyev dəqiq yerinə yetirib - 4:0. Qeyd edək ki, bu, futbolçumuzun 15 turda rəqib qapılarından keçirdiyi 11-ci top idi. Böyükhesablı qələbə futbolçularımızın bir qədər arxayınçılığına zəmin yaratdığından, «Turan Tovuz» komandası ardıcıl olaraq hücuma atılıb. Nəticədə rəqib komanda qollardan üçünün əvəzini çıxa bilib. 60-cı dəqiqədə Vüsal Mustafayev, 65-ci və 87-ci dəqiqələrdə isə müvafiq olaraq, Camal Məmmədov və Tuqay Alhüseynli fərqləniblər. Ancaq vurulan qollar təsəllidən başqa heç nəyə yaramayıb və komandamızın qazandığı 3 xala təsir etməyib. Beləliklə, 4:3 hesabı ilə qalib gələn «Qaradağ Lökbatan» komandası xallarının sayını 32-yə çatdırıb.

Qeyd edək ki, liderlik iddiasını sürdürən komandamız qış fasiləsində bir neçə yeni futbolçu ilə bir qədər də güclənmək niyyətindədir. Fevralın əvvəllərində isə «Qaradağ Lökbatan» Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Komandamız həmin müddət ərzində qardaş ölkədə dörd yoldaşlıq görüşü keçirməyi də planlaşdırıb.

«Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti