Bakıda ailəvi idman yarışları keçirilib

Bakıda ailəvi idman yarışları keçirilib


Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə "Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində Bakıda ikinci respublika ailəvi idman yarışlarının final mərhələsi keçirilib.
"ABU Arena”da keçirilən tədbirin açılış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2014-cü ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərdən, həmçinin FASA proqramının əhəmiyyətindən danışıb.
Natiq bildirib ki, analoji tədbirlər cəmiyyətdə sağlam fəal həyat tərzini inkişaf etdirir. O, Təhsil Nazirliyi və "Coca-Cola” şirkətinə bu proqramda fəal iştirakına, eyni zamanda, uşaqlar, gənclər və onların valideynləri arasında sağlam həyat tərzinin təşviq etdiyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bütün bunlar yarış iştirakçılarını Olimpiya hərəkatının fəal üzvlərinə çevirir.
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov qeyd edib ki, təhsil ocaqlarında bədən tərbiyəsinin geniş yayılması Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb. FASA proqramının yalnız Bakıda deyil, ölkə regionlarında da keçirilməsi sevindirici haldır. Ümid edirəm ki, bu proqram davamlı olacaq və əhali arasında aktiv yaşayış tərzinin inkişafına töhfəsini verəcək.
"Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel proqrama verdiyi dəstəyə görə, MOK və Təhsil Nazirliyinə minnətdarlığını bildirib. O, MOK və "Coca-Cola” arasında əməkdaşlıqdan danışıb. C.Becel deyib ki, FASA proqramı "Coca-Cola” və MOK arasında birgə icra olunan uzunmüddətli tərəfdaşlıq layihəsidir və tərəflər gələcəkdə bu layihəni bir qədər də genişləndirəcək. Sağlam və aktiv həyat tərzinin dəstəklənməsi "Coca-Cola”nın dünya üzrə biznes apardığı hər bir cəmiyyətdə əsas məqsədindən biridir.
Musiqili-bədii və əyləncəli idman proqramından ibarət olan ikinci belə yarışın əsas məqsədi kütləvi idman üçün ailə mühitinin faydası və vacibliyini nümayiş etdirməkdir. Tədbirdə MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, milli idman federasiyalarının və "Coca-Cola” şirkətinin nümayəndələri ilə birgə Olimpiya və Paralimpiya çempionları, tanınmış idmançılar da iştirak ediblər. İştirakçı ailələrə dəstək olmaq üçün ailəvi idman yarışlarında Milli Olimpiya Səfirləri – Olimpiya çempionu Fərid Mansurov və əməkdar Artist Tünzalə Ağayeva da iştirak ediblər.
Ailəvi idman yarışlarında Azərbaycanın 9 rayon və şəhərindən olan 12 ailə müxtəlif idman növləri əsasında hazırlanmış əyləncəli estafet tipli oyunlar vasitəsilə öz güclərini sınayıblar. Nəticədə FASA proqramı çərçivəsində keçirilən ikinci respublika finalının qalibi Qusar komandası olub. Yarışda ikinci yeri Zaqatala, üçüncü yeri isə Qəbələ komandaları tutub.
Tədbirin sonunda qalib və iştirakçı ailələr MOK və "Coca-Cola” şirkətinin qiymətli hədiyyələri, həmçinin diplomları ilə mükafatlandırılıblar. Qeyd edək ki, şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışın əsas məqsədi sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməkdir. Sözügedən açıq ailə turniri FASA proqramının bir hissəsidir və bu yarışlara hər kəs qatıla bilər. Belə ki, proqram çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar təşkil olunub ki, burada məktəblilər və onların valideynləri idman yarışlarına yazılıblar.
Xatırladaq ki, 2014-cü ildə FASA proqramı ölkənin 40 regionunu əhatə edib. Sözügedən proqramda 210-a yaxın ailə iştirak edib, 2 min 500-dən çox insan isə oyunları canlı izləyib.