Tanınmış aktyorun şərəfinə nərd turniri keçirildi

Tanınmış aktyorun şərəfinə nərd turniri keçirildi


Dekabrın 20-də "Çuxur Qəbələ” kompleksində Azərbaycan Respublikasının xalq artisti, kinorejissor, professor Ramiz Əzizbəylinin şərəfinə nərd üzrə şəhərlərarası turnir keçirilib. Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA), "Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyası və Nərd Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 80-ə yaxın nərd ustası yarışıb. Turnirdə paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Lənkəran, Bərdə, Mingəçevir və Ağdamı təmsil edən iştirakçılar mübarizə aparıblar. Yarış beynəlxalq qaydalara uyğun, Olimpiya sistemi üzrə keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda Pirallahı qəsəbəsinin nümayəndəsi Anar Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Vüqar Babakişiyev (Bakı) ikinci, Rizvan Ələkbərov (Gəncə) isə üçüncü yerə sahib çıxıb. Qaliblər təşkilatçılar tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Yarışda həmçinin, nümunəvi hakimliyə və yüksək təşkilatçılığa görə fərqlənən Ədail Dinməmmədov, İsrafil Bədəlov, Mübariz Xudaverdiyev, Ramil Zeynalov diplomla təltif olunublar.