Bakının “Sərhədçi” komandası Prezident kuboku uğrunda 9-cu çövkən milli oyununun qalibidir

Bakının “Sərhədçi” komandası Prezident kuboku uğrunda 9-cu çövkən milli oyununun qalibidir

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar Bakının "Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.
Bu komanda dekabrın 22-də, oyunların təntənəli bağlanış mərasimindən əvvəl keçirilən yarışın finalında paytaxtın digər təmsilçisi "Kövsər” komandasını 4:0 hesabı ilə məğlub edərək oyunların qalibi adını qazanıb. Üçüncü yeri Ağdam təmsilçilərinə 1:0 hesabı ilə qalib gələn Ağstafa komandası tutub.
Bir gün əvvəl başa çatmış "sür-papaq” oyunu üzrə yarışlarda Balakən komandası hamıdan güclü olub. Bu növdə sonrakı yerləri Ağcabədi və Laçın rayonlarının komandaları tutublar. Oğuzlular papaq, Qəbələ komandası isə yaylıq oyunu üzrə yarışların qalibi adını qazanıblar.
Dekabrın 17-də başlanan yarışlarda, ümumilikdə, respublikamızın 13 rayonunu və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparıb.
Çövkən oyunu üzrə final qarşılaşmasından sonra komandaların mükafatlandırılması mərasimi keçirilib.
Çövkən, sür-papaq, papaq və yaylıq oyunları üzrə fərqlənən bütün komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi "Sərhədçi” komandası, eyni zamanda, yarışların baş mükafatına - Prezident kubokunada layiq görülüb.
Sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Çövkən milli oyununun bu siyahıya daxil edilməsi xalqımızın yaratdığı ənənələrin yalnız Azərbaycan deyil, bütün bəşəriyyət üçün də xüsusi önəm daşıdığını bir daha sübut edir. Həmin sessiyada iştirakçıların diqqətinə çatdırılıb ki, ənənəvi Qarabağ oyunu olan çövkən Azərbaycan xalqının milli adət-ənənələrindən irəli gəlir və milli mənliyin formalaşmasında böyük rol oynayır.