İlk Avropa Oyunları ölkəmizin nüfuzunu daha da artıracaq

İlk Avropa Oyunları ölkəmizin nüfuzunu daha da artıracaq


Bəşəriyyətin inkişafı, dünya ölkələrinin bir-biri ilə getdikcə artan inteqrasiya meylləri, müxtəlif birliklərin yaranması və sair amillər insanlar arasında ünsiyyəti daha vacib edir. Bu baxımdan, idmanın və bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyəti olduqca böyükdür.
Məlumdur ki, ötən əsrin əvvəlləri ilə müqayisədə, hazırda dünya ölkələrinin sayı daha çoxdur. Əgər təkcə yaşadığımız Avropa qitəsinə nəzər yetirsək bunun əyani şahidi olarıq. 20-25 il əvvələ qədər qitədə 32 müstəqil dövlət mövcud idisə, indi onların sayı 53-ə çatıb. Bu təzahürü digər regionlara da aid etmək olar. Deyilənləri dünya çempionatları, Olimpiya oyunları və digər beynəlxalq səviyyəli yarışlarda iştirak edən ölkələrin sayında da görmək olar. Ölkələrin çoxsaylı idmançılarının mübarizə aparması və bir-birləri ilə mehriban dostluq əlaqələrinin yaranması üçün beynəlxalq idman təşkilatları daim yeni ideyalar irəli sürürlər. Bu həm ayrı-ayrı ölkələrdə, həm də ümumilikdə dünya idmanının inkişafına və kütləviliyinə şərait yaradır. Beynəlxalq Olimpiya Komitəsi, müxtəlif idman federasiyaları, həmçinin ayrı-ayrı qitələrin Olimpiya komitələri bu yöndə əməli fəaliyyət göstərirlər. Elə bu il Bakıda təşkil olunacaq ilk Avropa Oyunları da beynəlxalq və Avropa Olimpiya komitələrinin birgə təşəbbüsü ilə həyata vəsiqə alıb. Avropa Oyunları əlamətdar hadisə olmaqala yanaşı, eyni zamanda, qitə idmançıları üçün yeni və möhtəşəm kompleks yarışıdır. Tədbirin Azərbaycanda keçirilməsi isə bizim üçün, dövlətimiz və xalqımız üçün qürur və şərəf mənbəyidir.

Bildiyimiz kimi, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin tərəfindən 2 il əvvəl verilib. Sevindirici haldır ki, həmin toplantıda paytaxtımızın ev sahibliyinə namizədliyini qitənin, demək olar ki, bütün ölkələrinin milli Olimpiya komitələrinin rəsmiləri dəstəkləyib. Bu qərar respublikamızda böyük coşqu və sevinclə qarşılanıb. Həmin gündən başlayaraq bu bayram əhval-ruhiyyəsi səngimir və əksinə, xalqımızın oyunlara marağı getdikcə artmaqdadır. Bir sözlə, ölkəmizin bütün vətəndaşları oyunların başlanma vaxtını səbirsizliklə gözləyirlər.
Qeyd etmək lazımdır ki, belə böyük beynəlxalq tədbirlərin keçirilməsi həm də ölkəmizin beynəlxalq aləmdə daha geniş tanınması baxımından əhəmiyyətli hadisədir. Qitədə ilk təşkil olunacaq yarışların müstəqilliyinə yenicə qədəm qoyan gənc bir dövlətə həvalə olunması hər birimiz üçün qürurvericidir. Həm əhalisinin sayı, həm ərazisinin böyüklüyü, eyni zamanda müstəqillik tarixi daha çox olan ölkələrin içərisində Azərbaycanın seçilməsi xüsusilə əlamətdardır. Şübhəsiz, bunun da səbəbləri var. Bu gün doğma respublikamız regionun ən qüdrətli dövlətinə çevrilib. Bütün istiqamətlərdə inkişaf gedir. Digər sahələr kimi, idmana da daim dövlət qayğısı göstərilir. Bu, müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu və bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticəsidir.
Son onillikdə respublikamızda çoxsaylı idman tədbirləri təşkil olunub. Bir qayda olaraq bu yarışlar yüksək səviyyədə keçirilib. Ölkəmizə gələn beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək təşkilatçılıq və qonaqpərvərlik dəfələrlə qeyd olunub. İndi ölkəmizdə ən mötəbər turnirlərin təşkil olunması üçün hər cür şərait mövcuddur. Yeni-yeni idman komplekslərinin, stadionların və sair obyektlərin tikintisi davam etməkdədir. Respublikamız iqtisadi cəhətdən inkişaf etdikcə, idman sahəsində də nailiyyətlərimiz artır. Məlumdur ki, böyük yarışların keçirilməsi üçün təşkilatçı ölkəyə hazırlıq işlərinin aparılmasına görə ən azı 5-6 il vaxt verilir. Lakin ölkəmiz bu möhtəşəm işləri cəmi 2 ilə görməyi bacardığını sübut edib.
Paytaxtımızın Avropa Oyunlarına ev sahibliyi bəlli olduqdan dərhal sonra ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva sədr təyin olundu. Bu müddət ərzində İşçi Qrupunun iclasları keçirilib, görülən işlər və qarşıdakı tədbirlər müzakirə olunub.
Bilirsiniz ki, hər hansı bir beynəlxalq və irimiqyaslı tədbirlərin təşkil olunmasında əsas işlərdən biri və ən əsası onun təbliğ və təşviq olunmasıdır. Burada da Mehriban xanımın əməyi danılmazdır. Məhz onun təşkilatçılığı və rəhbərliyi ilə indiyə qədər Paris, Kann, Afina, Berlin və İstanbul kimi Avropanın böyük şəhərlərində keçiriləcək Avropa Oyunlarının təqdimat mərasimi keçirilib və bu tədbirlərin digər şəhərdə də keçirilməsi nəzərdə tutulub.
Bugünlərdə paytaxtımızda baş tutan Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında da görülən işlərə yüksək qiymət verilib. Toplantıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər rəsmi şəxslər çıxış edərək ölkə rəhbərliyinin və Təşkilat Komitəsinin səmərəli fəaliyyətindən danışıblar.
Onlar əmin olduqlarını bildiriblər ki, ilk Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəmizin başçısı cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlıq edib və onların hər ikisinə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini təqdim edib.
Bəli, heç şübhə yoxdur ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları qitədə idmanın geniş inkişafı ilə yanaşı, eyni zamanda, ölkələr və xalqlar arasında mehriban dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə zəmin yaradacaq. Biz isə fəxr edirik ki, əgər Afina antik və müasir olimpiadaların vətəni sayılırsa, Bakı ilk Avropa Oyunlarının keçirildiyi məkanı kimi tarixdə yaşayacaq.