Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yubiley tədbiri keçirildi

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yubiley tədbiri keçirildi


Dekabrın 25-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) 15 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük-polkovniki Nüsrət Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İSM-ın baş direktoru Xəzər İsayev, direktorun müavini Səlhət Abbasova, Olimpiya mükafatçıları Şahin İmranov, Ağası Məmmədov, Avropa və dünya çempionu Niyaməddin Paşayev, dünya mükafatçısı Rəşad Əhmədov, tanınmış idmançı və məşqçilər, eləcə də KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Səlhət Abbasova 2014-cü ilin mərkəzin idmançıları üçün yaddaqalan illərdən biri olduğunu diqqətə çatdırdı. 

Sonra söz DGK İSM-ın baş direktoru Xəzər İsayevə verildi. Xəzər İsayev Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yaranmasının 15 illik yubileyinin qeyd olunmasını sevindirici hal kimi dəyərləndirdi. Mərkəzin 1999-cu ildə yaradıldığını, əsas fəaliyyətə isə 2001-ci ildən başladığını deyən Xəzər müəllim qeyd etdi ki, hazırda idman ocağında 4 mərkəzin nəzdində fəaliyyət göstərən "Gömrükçü” idman klubunda isə 38 əməkdaş çalışır. Onlardan 18-i xüsusi rütbəyə malikdir, 6 məşqçi-müəllim isə müxtəlif fəxri adlara layiq görülüb. Baş direktorun sözlərinə görə, mərkəz fəaliyyəti dövründə peşəkar kadrların seçilib müvafiq vəzifələrə təyin edilməsində, məşqçilərin hazırlığında, istedadlı idmançıların yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. «Gömrükçü» İK-nın fəaliyyətinin əsas məqsədinin ölkə idmanına töhvə vermək olduğunu deyən Xəzər İsayev burada 7 Olimpiya, 14 isə qeyri-Olimpiya idman növünün tədris olunduğu barədə məlumat verdi. Qeyd olundu ki, hazırda klubda 336 idmançı müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Ölkəmizdə idmanın yüksək səviyyəli inkişafından söz açan mərkəzin direktoru klub idmançılarının Dövlət Gömrük Komitəsinin diqqət və qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırdı: «Bu gün ölkəmizdə idman yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın yüksək səviyyəli inkişafı üçün hərtərəfli şərait yaradılıb. Ölkəmizdə idman, eləcə də Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycanın dünyada idman ölkəsi kimi böyük nüfuza malik olması, beynəlxalq idman qurumları tərəfindən respublikamıza etimad göstərilməsi ölkəmizdə idmanın inkişafının göstəricisidir.
Mərkəz idmançılarının əldə etdiyi uğurlar Dövlət Gömrük Komitəsi tərəfindən idmançılara göstərilən diqqət və qayğı sayəsində mümkün olub. Biz hər zaman komitə rəhbərliyinin qayğısını hiss edib, gömrükçü adına layiq olmağa çalışmışıq. Fürsətdən istifadə edib, Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, komitənin diqqət və qayğısı sayəsində idmançılarımız mütamadi olaraq, ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda uğurlar qazanırlar. Bu illər ərzində idmançılarımız dünya çempionatında 66, Avropa birinciliyi və çempionatlarında 55, beynəlxalq turnirlərdə 277, Azərbaycan çempionatlarında 409 medala sahib çıxıblar. Təmsilçilərimizdən Vüqar Ələkbərov Sidney-2000-də, Ağası Məmmədov Afina-2004-də, Şahin İmranov Pekin-2008-də, Emin Əhmədov London-2012-də bürünc medallara layiq görülüblər. Mərkəzin qadınlardan ibarət futbol komandası Azərbaycanın futbol tarixində ən yüksək nəticə əldə edərək, UEFA kubokunun 8/1 mərhələsinədək yüksəlib. Bunlarla yanaşı mərkəzin idmançıları Arif Abdullayev, Ağası Məmmədov, Vüqar Namazov, Niyaməddin Paşayev müxtəlif vaxtlarda dünya çempionu adına layiq görülüblər. Qılıncoynatma idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə Kənan Əliyev və Vəkil Nəsibov uğurlu nəticələr əldə ediblər. Sevindirici haldır ki, qılıncoynadanlarımız arasında Elmira Xudaverdiyeva, Samira Hüseynova, Etibar Namazov, Fərid Məmmədov Bakıda keçiriləcək Avropa Oyunlarına namizəd idmançılar sırasındadırlar. Mərkəzimizdə məşqçi-müəllim kimi fəaliyyət göstərən Avropa və dünya çempionu, əməkdar məşqçi Sehriman Ağayev, fəxri bədən tərbiyəsi və idman işçisidir. Öz təcrübələrini gənc nəslin sağlam böyüməsinə yönəldən mütəxəssislərimiz arasında SSRİ-nin əməkdar məşçisi İqdam Ələkbərov (yunan-roma güləşi), əməkdar məşqçi İlham Məmmədov, Sadiq İsayev (sərbəst güləş), Araz Maqsudov (yunan-Roma güləşi) və digər peşəkar məşqçilər də var. Klubun üzgüçüsü Elvira Həsənova bu il Çinin Nankinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarının iştirakçısı olub».

Tədbirdə qeyd olundu ki, mərkəz tərəfindən Dövlət Gömrük Komitəsinin əmri hər il oktyabr, noyabr aylarında gömrük təşkilatları və qurumları arasında şəxsi heyətlə fiziki hazırlıq işinin təşkili, xidməti-tətbiqi idman tədbirlər və metodiki təlim-məşq toplanışları həyata keçirilir.
Bu tədbirlərə Dövlət Gömrük Komitəsinin yubileyi ilə əlaqədar olaraq keçirilən gömrük orqanları arasında ənənəvi futzal turniri, güc orqanları arasında keçirilən idman tədbirlərini aid etmək olar. Mərkəz tərəfindən ümummilli liderimiz Heydər Əliyevin 90 illiyinə həsr olunmuş genişmiqyaslı tədbirlər də təşkil olunub.
«Əlbəttə, əldə olunan bütün bu nailiyyətlər bizi sevindirir və gələcəkdə daha da böyük uğurlar qazanmağa sövq edir. İdman hər bir ölkənin inkişafı üçün çox vacib bir sahədir. Biz qazanılan nəticələrlə kifayətlənə bilmərik. Mərkəz daha yüksək nəticələr qazanmağı qarşısına məqsəd qoyub»,-deyə Xəzər İsayev əlavə etdi.

Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Nüsrət Qurbanov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yüksək uğurların əldə olunduğunu dedi. O, bu nailiyyətlərə DGK İSM təmsilçilərinin töhfə vermələrini sevindirici hal kimi dəyərləndirdi: «Azərbaycanda idmana yüksək səviyyəli diqqət və qayğı göstərilir. Hüquq mühafizə orqanı olan Dövlət Gömrük Komitəsində idmanın inkişaf etdirilməsi vacib məsələdir. Fəaliyyəti dövründə DGK İSM idmanın inkişafına öz layiqli töhfələrini verib. Mərkəz Xəzər İsayevin peşəkarlığı sayəsində uğurla fəaliyyət göstərib. İnanıram ki, bundan sonra da təmsilçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar»,-deyə Nüsrət müəllim qeyd etdi.
Tədbirin yekununda DGK sədrinin əmri ilə idarə rəisi Nüsrət Qurbanov tərəfindən mərkəzinin baş direktoru gömrük- polkovniki Xəzər İsayevə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Orqanlarında xidmətə görə 2-ci dərəcəli döş nişanı, baş direktorunun müavini, gömrük mayoru Səlhət Abbasovaya və mərkəzin əməkdaşı, gömrük xidməti baş leytenantı Arzu Əliyevə 3-cü dərəcəli döş nişanı, mərkəzinin kargüzarı Elnurə Əsədovaya isə fəxri fərman təqdim olundu. Daha sonra mərkəzin il ərzində fərqlənmiş idmançı və məşqçilərinə xatirə hədiyyələri təqdim olundu.



Aysel Sultanova