Ölkəmiz bu il iyunun 12-28-də I Avropa Oyunlarına ev sahibliyi edəcək. Mötəbər idman tədbirinə hazırlıqla bağlı ciddi işlır görülür.
Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən xəbərə görə, güləş üzrə yığma komandaların bu beynəlxalq yarışa hazırlığına start verilib. Belə ki,sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıblar.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışında olacaq. Yanvarın 7-dən 24-dək davam edəcək təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edəcək. Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaqlar. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.
Təlim-məşq toplanışları başa çatdıqdan sonra güləş yığmalarımız Parisdə keçiriləcək Qran-pri turnirində ilin ilk sınağına çıxacaqlar.