Yanvarın 16-17-də Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir keçiriləcək. Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri müəyyən etmək, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, ə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin iştirakı da gözlənilir.
Yarışın ilk günündə sərbəst, ikinci günündə isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər.
İki gün davam edəcək yarış "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq.