Azərbaycan Milli Paralimpiya Komitəsində 2014-cü ilin hesabatı olub

Azərbaycan Milli Paralimpiya Komitəsində 2014-cü ilin hesabatı olub


Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan iclasda APMK-nın prezidenti İlqar Rəhimov 2014-cü ildə komitənin gördüyü işlər barədə danışıb. O, əldə edilən uğurlar, yeni tətbiq olunan idman növləri, beynəlxalq və respublika daxilində keçirilən yarışlar, eyni zamanda, regionlarda yaranan idman klublarının işlərini yüksək qiymətləndirib.
Bakı-2015 birinci Avropa Oyunlarında Milli Paralimpiya Komitəsini təmsil edəcək idmançılara uğurlar arzulayan İ.Rəhimov dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Bakı-2015 birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın paralimpiyaçılara olan diqqət və qayğısına görə təşəkkür edib.
AMPK-nın vitse-prezidenti Şaiq Həmidov 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
İcraiyyə Komitəsinin iclasında 2015-ci il üçün nəzərdə tutulan təqvim planı müzakirə olunaraq təsdiq edilib.