İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya kuboku yarışlarının püşkatma mərasimi keçirilib.
Xatırladaq ki, Azərbaycanın hər üç növ üzrə güləş yığması ötən il keçirilən dünya çempionatının nəticələrinə görə dünya kuboku yarışlarında iştirak hüququ qazanıb. Püşkatmanın nəticəsinə görə, yunan-Roma güləşi yarışlarının A qrupunda Azərbaycan, İran, İsveç, Almaniya yığmaları, "B” qrupunda isə Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları yer alıblar.
Qadın güləşçilərinin "A” qrupunda Yaponiya, Polşa, ABŞ, Azərbaycan, "B” qrupunda isə Rusiya, Ukrayna, Monqolustan və İsveç kollektivləri mübarizə aparacaqlar.
Sərbəst güləşçilərimiz isə "B” qrupunda yarışacaqlar. Pəhləvanlarımızın rəqibi İran, Belarus və Türkiyə güləşçiləri olacaqlar. "A” qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan yığmaları birincilik uğrunda yarışacaqlar.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə dünya kuboku yarışları fevralın 19-20-də Tehranda, qadın güləşi üzrə yarış martın 7-8-də Sankt-Peterburqda və sərbəst güləşçilərin mübarizəsi isə aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində təşkil olunacaq.