«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası


Qılıncoynatma:

Yanvarın 4-dən 9-dək Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan qılıncoynatma üzrə Azərbaycan yığma komandası ordan İstanbula yollanıb. Səfərdə məqsəd yanvarın 10-11-də orada təşkil olunan qılıncoynatma üzrə dünya kubokunun satelit turnirinə qatılmaq olub. Sablya üzrə kişi və qadın komandaların iştirak etdiyi yarışda Almaniya, Azərbaycan, Türkiyə, Avstraliya, Braziliya, Bolqarıstan, Çexiya, Sinqapur, Hollandiya, İslandiya, İsveçrə, Argentina, Venesuela, İraq, Fransa, Küveyt və Kubadan olan idmançılar bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan komandasının turnirdə qazandığı medaldan 3-ü də «Neftçi İdman Klubu»nun qılıncoynadanlarına məxsusdur. 17 ölkənin təmsilçilərinin mübarizə apardığı yarışda Sabina Mikina qızıl, Sevil Bunyatova isə gümüş medal qazanıb. Kişilər arasında təşkil olunan yarışda Azər Tağıyev 2-ci yeri tutub. Bu yolda Sabina Mikina 11, Sevil Bunyatova və Azər Tağıyev isə hərəyə 10 rəqibi məğlub etməli olublar.
Boks:
Yanvarın 8-də Şağan Olimpiya İdman Kompleksində start götürən böyüklər arasında boks üzrə respublika çempionatına yekun vurulub. Yarışda ölkəmizin müxtəlif bölgələrindən 150-dən çox dəri əlcək sahibi qalib adı uğrunda vuruşub.
«Neftçi İdman Klubu»nun yetirmələri yarışın 5 medalına (1 qızıl, 1 gümüş, 3 bürünc) yiyələniblər və komanda hesabında 3-cü yerə çıxıblar. Onlardan 81 kq çəki dərəcəsində çıxış edən Rauf Rəhimov rəqib tanımayaraq çempionluq sevinci yaşayıb. Yalnız finalda məğlub olan Elvin Quliyev (69 kq) gümüş medala layiq görülüb. Valeh Ramazanov (60 kq), Sadiq Səmədov (91 kq) və Orxan Rzayev (+91 kq) isə yarışı 3-cü yerdə başa vurublar.

***
Hövsan Olimpiya İdman Kompleksində isə yeniyetmə boksçular Bakı şəhər birinciliyində bir araya gəliblər. 1999-2000-ci illər təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda 16 komandadan 170 idmançı qüvvəsini sınayıb. Klubumuzun yeniyetmələrindən Xalid Məmmədov (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Taleh Mehdiyev (54 kq) və Babək Xankişizadə (57 kq) gümüş, Sədi Nəcəfov (48 kq), Əmri Novruzov (60 kq), İlham Bilalov, Sərxan Əsgərov (hər ikisi 63 kq) və Elgün İsmayılov (+80 kq) isə bürünc medala sahib olublar.
Sambo:
Sambo üzrə kişilər arasında Azərbaycan çempionatı Şağan Olimpiya İdman Kompleksində keçirilib.
«Neftçi İdman Klubu»nun samboçuları gərgin mübarizə şəraitində keçən ölkə yarışında uğurla çıxış ediblər. Nəticədə idmançılarımız 4-ü qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla, çempionatın 12 medalını qazanıblar. Təmsilçilərimizdən Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Samir Kərimov (74 kq) və Şirin Cavadzadə bütün görüşləri qələbə ilə başa vuraraq respublika çempionluğuna yüksəliblər.
Atletika:
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə keçirilən Bakı şəhər çempionatı başa çatıb. Yarışda 115 idmançı öz bacarığını nümayiş etdirib.
Klubun atletləri də yarışda mübarizə aparıblar və 14 medal (8 qızıl, 5 gümüş, 1 bürünc) əldə ediblər. Kişilər arasında üçtəkanla tullanmada Nazim Babayev, 400 və 800 metr məsafənin qətində Hakim İbrahimov, şüvüllə tullanmada Şimşək Əlizadə, uzunluğa tullanmada Kamil Əliyev paytaxt yarışının qalibi adını qazanıblar. Qadınlar arasında isə 60 və 200 metr məsafələrdə Valeriya Bayanina liderliyə yüksəlib.



***
İdmançılarımız Respublika Olimpiya Mərkəzində 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən atletika üzrə Bakı birinciliyində də iştirak ediblər. Bu yarışda atletlərimiz 8 medala (3 qızıl, 1 gümüş, 4 bürünc) sahib çıxıblar. Oğlanlar arasında 60 metr məsafəyə qaçışda və uzunluğa tullanmada Füzuli Talıbov ən yaxşı nəticəyə nail olub. Qızların yarışında isə Səyyarə Muradova nüvəitələmə növündə paytaxt birincisi olub.
Cüdo:
2001-2002-ci və 2003-2004-cü illər təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyində 10 çəki dərəcəsi üzrə 535 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Gərgin keçən yarış Şağan Olimpiya İdman Kompleksində təşkil olunub.
«Neftçi İdman Klubu»nun 2001-2002-ci illər təvəllüdlü yetirmələrindən Yusif Cabbarov (50 kq) qalib adını qazanıb. Fərhad Abdullayev (34 kq), Nəriman Mirzəyev (42 kq) və Vaqif Tarverdiyev (50 kq) 2-ci, Şükran Zamanlı (34 kq), Çingiz Fəttahov (38 kq) və Nurlan Əliyev (60 kq) isə 3-cü yeri tutublar.
Qeyd edək ki, cüdoçularımız komanda hesabında 1-ci pilləyə yüksəliblər.
2003-2004-cü illər təvəllüdlü idmançıların yarışında isə Elvin Məmmədov (27 kq) gümüş medala layiq görülüb.
Güllə atıcılığı:
Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim İdman Kompleksində güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilib.
Hədəfi nişan alanlar arasında klubumuzun təmsilçiləri də yer alıblar. Kişilər arasında pnevmatik tapançadan atəşaçma yarışında (10 metr, 60 güllə) Ruslan Lunyov 577 xalla lider olub. Rəsul Məmmədov 560 xal toplayaraq bürünc medala yiyələnib. Kiçik çaplı tapançadan atəşaçma yarışında (50 metr, 60 güllə) da Ruslan Lunyov liderliyi heç kəsə güzəştə getməyib (539 xal). Rəsul Məmmədov isə bu dəfə gümüş medala layiq görülüb. Zərif cinsin nümayəndələri arasında pnevmatik tapançadan atəşaçmada (10 metr, 40 güllə) Nigar Nəsirova (374 xal) hamıdan üstün olub. Zərifə Qasımova isə 371 xalla 3-cü olub. Kiçik çaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında (60 güllə) da Nigar Nəsirova eyni uğurunu təkrarlayıb. Nərminə Səmədova 2-ci, Zərifə Qasımova isə 3-cü yerə çıxıb. Növbəti yarışda (PT-3, 10 metr, 40 güllə) 384 xal toplayan Mehriban Mönsümova gümüş medala sahib olub.
Güləş:
«Neftçi İdman Klubu» yunan-Roma güləşi üzrə açıq birincilik keçirib. 2001-2002-ci və 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında təşkil olunan yarış Tofiq İsmayılov adına Olimpiya Təlim İdman Kompleksində gerçəkləşib. Birincilikdə 150 yeniyetmə güləşçi öz gücünü sınayıb.
2001-2002-ci illər təvəllüdlü idmançılar arasında Altay Mərdanov (29 kq), Elvin Hümbətov (32 kq), Hüseyn Qəribov (35 kq), Soltan Abdullayev (38 kq), Emil Bayramov (41 kq), Tərlan Əliyev (44 kq), Mehdi Hacızadə (47 kq), Emin Əliyev (50 kq), İlham Mehdizadə (53 kq), Məmmədbağır Hüseynov (56 kq), Kənan Rzayev (59 kq) və Etibar Bəşirov (63 kq) öz çəkilərinin ən güclüləri olublar.
2003-2004-cü illər təvəllüdlü güləşçilər arasında isə Elgün Qəribov (26 kq), Cavidan Məmmədli (29 kq), Ələkbər Bayramov (32 kq), İbrahim Balabəyov (35 kq), Elmir Əliyev (38 kq), Elariz Musayev (41 kq), Rafiq Ağayev (44 kq), Kərim Dadaşov (47 kq), Xudaverdi Xudiyev (50 kq) və İlham Mehdizadə (53 kq) birinciliyin qalibi adını qazanıblar.

***
Dünya Güləş Birliyi 2014-cü ilin yekunlarına görə, sərbəst güləş üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb.
Cədvəldə ən yüksək göstərici «Neftçi İdman Klubu»nun pəhləvanı, Avropa və dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Daşkənddə keçirilən dünya çempionatında öz çəkisində bütün rəqiblərindən üstün olan Hacı Əliyev reytinq cədvəlində də ilk sırada qərarlaşıb.
Xatırladaq ki, Hacı Əliyev ilin yekunlarına görə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən «İlin idmançısı» seçilib.

«Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti